Avropanı inflyasiya böhranı gözləyir: bahalaşma 2027-dək səngiməyəcək

Avropanı inflyasiya böhranı gözləyir:

Avropa Komissiyasının yeni proqnozuna görə, Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji şoku avrozonada inflyasiyanın 2027-ci ilədək 3%-dən yuxarı qalmasına səbəb olacaq. Eyni zamanda, regionda iqtisadi artımın zəif templə davam edəcəyi, büdcə kəsirlərinin isə Avropa İttifaqının müəyyən etdiyi həddi aşacağı gözlənilir.

Proqnoza əsasən, avrozonada inflyasiya 2026-cı ildə 3,2%, 2027-ci ildə 3,1% təşkil edəcək. Göstəricinin 2028-ci ildə 2,1%-ə enəcəyi ehtimal olunur. Aİ üzrə inflyasiyanın isə müvafiq illərdə 3,3%, 3,2% və 2,3% olacağı gözlənilir.

Enerji daşıyıcılarının qiymətlərinin illik ifadədə təxminən 21% artması inflyasiya təzyiqini gücləndirib. Nəticədə avrozonada inflyasiya sentyabr ayındakı 3,8%-dən oktyabrda 4%-ə yüksəlib. Aİ üzrə ümumi inflyasiyanın ilin sonu və 2027-ci ilin əvvəlində 4%-i ötəcəyi proqnozlaşdırılır.

Avropa Komissiyası bildirir ki, münaqişənin başlanmasından təxminən səkkiz ay keçməsinə baxmayaraq, Hörmüz boğazı vasitəsilə enerji tədarükündə ciddi fasilələr qalmaqdadır. Oktyabrda Brent markalı neftin qiyməti bir barel üçün 100 dolları keçib, dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat bahalaşıb. TTF qaz kotirovkaları isə ayın sonunda meqavat-saat üçün 95 avrodan yuxarı olub.

İqtisadi artım perspektivləri də məhdud olaraq qalır. Avrozonada ÜDM-in 2026 və 2027-ci illərdə 1,2%, 2028-ci ildə isə 1,3% artacağı gözlənilir. Aİ iqtisadiyyatı üzrə proqnozlar isə müvafiq olaraq 1,4%, 1,4% və 1,5% təşkil edir.

Büdcə göstəricilərinin də pisləşəcəyi ehtimal olunur. Müdafiə xərclərinin və borca xidmət ödənişlərinin artması, eləcə də əhali və biznesi yüksək enerji qiymətlərindən qorumaq üçün görülən tədbirlər Aİ-də büdcə kəsirini 2025-ci ildəki ÜDM-in 3,1%-indən 2026-cı ildə 3,6%-ə yüksəldə bilər. Kəsirin 2027-ci ildə 3,7%, 2028-ci ildə isə 3,8% olacağı proqnozlaşdırılır. Bu göstərici Aİ-nin müəyyən etdiyi 3%-lik həddi üstələyir.

Avrozonada büdcə kəsirinin 2026-cı ildə 3,5%, 2027-ci ildə 3,6%, 2028-ci ildə isə 3,8% təşkil edəcəyi gözlənilir.

İqtisadiyyat üzrə avrokomissar Valdis Dombrovskis Avropa iqtisadiyyatının 2026-cı ildə gözləniləndən daha yaxşı dinamika nümayiş etdirdiyini, lakin bunun arxayınlıq yaratmamalı olduğunu bildirib. O, dövlət maliyyəsinin qorunmasının, rəqabətqabiliyyətliliyin artırılmasının və uzunmüddətli dayanıqlı artım üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

Proqnozlara görə, borca xidmət xərcləri 2025-ci ildə ÜDM-in 1,9%-i səviyyəsində olduğu halda, 2028-ci ildə 2,4%-ə yüksələcək. Bu, son on ildən artıq müddətdə ən yüksək göstərici ola bilər. Aİ-nin dövlət borcunun 2025-ci ildəki 82,6%-dən 2028-ci ildə ÜDM-in 85,6%-nə, avrozonanın borcunun isə 88,6%-dən 91,3%-ə çatacağı gözlənilir.

Avropa Mərkəzi Bankı iyun və sentyabr aylarında faiz dərəcələrini 25 baza bəndi artırıb. Proqnozların hazırlanması başa çatarkən bazarlar əlavə üç-dörd faiz artımını gözləyirdi. Depozit dərəcəsinin 2027-ci ilin ortalarınadək təxminən 3,4%-ə yüksələcəyi ehtimal edilirdi.

Bu arada, Aİ ölkələrinin dövlət istiqrazları üzrə gəlirlilik fərqləri genişlənib, xüsusilə Fransa dövlət istiqrazlarının gəlirliliyində əhəmiyyətli artım qeydə alınıb.

Avropa Komissiyası hesab edir ki, ABŞ-da aralıq seçkilərdən sonra neft və qaz qiymətlərinin davamlı şəkildə aşağı düşməsi 2027 və 2028-ci illər üzrə inflyasiya proqnozlarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verə bilər.

MONETAR.AZ