London Metal Birjasının (LME) alüminium bazarında ciddi fiziki qıtlıq yaranıb. Gələcəkdə təklif artıqlığı gözləntilərinə baxmayaraq, birja ehtiyatlarının kəskin azalması metalın təcili tədarükünü bahalaşdırıb.
“Reuters”in icmalçısı Endi Houmun məlumatına görə, bazar ertəsi nağd alüminiumun üçaylıq müqavilə ilə müqayisədə mükafatı ton başına 275 dollara yüksəlib. Belə gərgin vəziyyət sonuncu dəfə 1988 və 1990-cı illərdə müşahidə olunub. “Bloomberg” də spot qiymətinin üçaylıq fyuçersləri 250 dollardan çox üstələdiyini yazıb.
LME anbarlarında alüminium ehtiyatları ilin əvvəlindən iki dəfədən çox azalaraq 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. İranla münaqişə başlayandan bəri qeydiyyata alınmış ehtiyatlar 239 400 ton azalıb. Fars körfəzi ölkələrində istehsalın itirilməsi Qərb bazarlarında tədarük imkanlarını daha da məhdudlaşdırıb.
Oktyabrın sonuna LME-də qeydiyyata alınmış ehtiyatlar 230 775 ton təşkil edib. Bunun 216 950 tonu anbar varrantları altındadır. Demək olar ki, bütün bu metal Rusiya mənşəlidir və 2024-cü ilin aprelində ABŞ və Böyük Britaniya sanksiyalarından əvvəl istehsal olunub. Bu metalın ABŞ-da istifadəsi qadağandır, Avropada da qadağaların genişlənməsi gözlənilir.
Rusiya mənşəli alüminiumun da anbarlardan çıxarılması bazardakı vəziyyəti ağırlaşdırır. Təkcə bu ay fiziki yüklənmə üçün 17 175 ton metal geri çağırılıb.
Varrantlardan kənarda saxlanılan, yəni “kölgə ehtiyatları” adlandırılan alüminiumun həcmi isə 51 631 tona düşüb. Bu, yanvarın əvvəli ilə müqayisədə 108 259 ton azdır və 2023-cü ildən bəri qeydə alınan minimum göstəricidir.
Fiziki metalın mükafatları xüsusilə Avropada yüksək olaraq qalır. “Mercuria Energy Group”un metallar və dağ-mədən sənayesi üzrə tədqiqatlar rəhbəri Nikolas Snoudon bildirib ki, yaxın həftələrdə və aylarda bazarda metal ehtiyatları məhdud olaraq qalacaq. Onun proqnozuna görə, gələn il qlobal alüminium istehsalı təxminən 6%, tələb isə 2% artacaq.
Buna baxmayaraq, bazar gələn il Çindən ixracın artması və İndoneziyada yeni zavodların işə düşməsi hesabına təklifin yüksələcəyinə ümid edir. Lakin bu artımın LME-dəki fiziki qıtlığı aradan qaldırması sual altındadır. Belə ki, Çin ixracının böyük hissəsi birja müqavilələri üzrə tədarük edilə bilməyən yarımfabrikatlardan ibarətdir. İndoneziyada istehsal olunan metal da hələlik LME-yə çıxış əldə etməyib.
Hazırda birjaya tədarük üçün baxılan yeganə müraciət “PT Hua Chin Aluminum Indonesia” şirkətinə aiddir. Şirkət may ayında illik 480 min ton istehsal gücünə malik HCAI markasının qeydiyyatı üçün müraciət edib. Təsdiq alınmayana qədər İndoneziya metalı LME ehtiyatlarının artırılmasına töhfə verə bilməyəcək.
Texniki göstəricilər də qiymətə təzyiqin davam etdiyini göstərir. Alüminiumun qiyməti 20 günlük eksponensial orta göstərici olan 3 056 dolların, eləcə də 50, 100 və 200 günlük sadə orta göstəricilərin – müvafiq olaraq 3 133, 3 169 və 3 288 dolların altında ticarət olunur. Əsas qiymət diapazonu 2 953,50-3 112,05 dollar təşkil edir və hazırkı qiymət aşağı sərhədə daha yaxındır.
MONETAR.AZ