2027-ci ildə yeni sosial islahat paketi: maaş və pensiyalarda artım gözlənilir

2027-ci ildə yeni sosial islahat paketi: maaş və pensiyalarda

2027-ci ilin dövlət və icmal büdcə layihələrində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması üçün maliyyə təminatı nəzərdə tutulub. Gələn il də büdcələrin sosial yönümlülüyü qorunacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 17-də Milli Məclisin iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sayca altıncı sosial islahat paketinin maliyyələşdirilməsi üçün 2027-ci ilin büdcə layihələrində müvafiq vəsait nəzərdə tutulub.

Anar Əliyev qeyd edib ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat olub. Nəticədə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, minimum və orta pensiyalar isə 2,9 dəfə artıb. Sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsinə ayrılan vəsait beş dəfə yüksəlib.

Bundan başqa, yaşayış minimumu 73%, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarı isə 2,3 dəfə artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 597 min və ya 48% çoxalıb. Əməkhaqqı fondu isə 3,5 dəfə yüksəlib.

Nazir cari ilin ilk 10 ayının sosial göstəricilərini də açıqlayıb. Bu müddətdə pensiya ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq 6,5 milyard manata çatıb. Müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlər isə 7,9% artaraq 2,1 milyard manat təşkil edib.

Hesabat dövründə orta aylıq pensiya 10,3% artaraq 596 manata, yaşa görə orta aylıq pensiya isə 10,1% yüksələrək 634 manata çatıb. Pensiya ödənişlərinin orta aylıq əməkhaqqına nisbəti 51%, yaşa görə pensiyalarda isə 54% olub. Bu göstəricilər Beynəlxalq Əmək Təşkilatının tövsiyə etdiyi 40%-lik səviyyəni üstələyib.

Eyni zamanda, orta aylıq əməkhaqqı illik müqayisədə 8% artaraq 1173 manat təşkil edib.

Anar Əliyev əmək müqavilələrinin sayında özəl sektorun payının artmasına da diqqət çəkib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8% və ya 59 min artıb. Ölkə üzrə əməkhaqqı fondu isə cari ildə 8,5% yüksəlib.