Azərbaycanda İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə büdcə xərclərinin 319,2 milyon manat olması proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 19,8 % çoxdur.
Monetar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, gələn il Fondun xərclərinin 268,9 milyon manatının öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu, cari ilin proqnozu ilə müqayisədə 12,8% çoxdur.
Xərclərin qalan 50,3 milyon manatının isə Fondun 2026-cı ilin sonuna istifadə olunmamış qalığı hesabına maliyyələşdirilməsi planlaşdırılır. Bu məbləğ əvvəlki ilin göstəricisindən 79% çoxdur.
Beləliklə, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin əsas hissəsi onun öz gəlirləri hesabına təmin ediləcək.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun vəsaitləri işsizliyin qarşısının alınması, məşğulluq tədbirlərinin maliyyələşdirilməsi və işsiz şəxslərin sosial müdafiəsi istiqamətlərinə yönəldilir.