Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə strateji əhəmiyyətli irimiqyaslı layihənin icrasına başlanılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, yeni inşa ediləcək Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşdiriləcək.
Bu nəhəng magistral Abşeronun şimal-qərb hissəsini birbaşa Bakının şərq və cənub-şərq istiqamətləri ilə əlaqələndirəcək. Layihə çərçivəsində yolun Heydər Əliyev prospektinə qədər uzadılması və şəbəkələşdirilməsi nəzərdə tutulub.
İnfrastruktur layihəsi paytaxtın ən problemli daxili yollarının yükünü azaltmaq üçün xüsusi optimallaşdırılıb. Yeni tras Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək.
Diqqətçəkən ən mühüm məqamlardan biri odur ki, yeni yolun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolaq ayrılacaq. Həmçinin Azadlıq prospekti – Binəqədi şosesi istiqamətindən Binəqədi – Novxanı yoluna birbaşa və fasiləsiz çıxış təmin ediləcək.
AYNA-nın təhlillərinə görə, magistralın istifadəyə verilməsi Binəqədi şosesi, "20 Yanvar" dairəsi və Ziya Bünyadov prospektindəki gündəlik dözülməz tıxacları kəskin azaldacaq. Yol şəbəkəsi sürücülərə bu üstünlükləri qazandıracaq:
Sumqayıt və Xırdalan istiqamətindən gələnlər üçün artıq metronun "Nəriman Nərimanov" stansiyası, eləcə də şəhərin şimal və mərkəzi hissələrinə çatmaq daha rahat olacaq. Sürücülər "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə çıxış əldə edəcəklər ki, bu da həm vaxt itkisini, həm də nəqliyyat sıxlığını azaltmağa imkan verəcək.
Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri üçün də yeni marşrut alternativi yaradılıb. Belə ki, sürücülər "20 Yanvar" dairəsinə daxil olmadan yeni yol vasitəsilə şəhərin şərq hissəsinə, o cümlədən Əhmədli və Hövsan qəsəbələri istiqamətinə daha sürətli hərəkət edə biləcəklər.
Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən gələnlər üçün isə uzun illərdir müşahidə olunan Binəqədi şosesindəki tıxac probleminin qismən həlli nəzərdə tutulur. Yeni bağlantı sayəsində sürücülər şosenin ən yüklənmiş və dar hissələrindən yan keçərək birbaşa Mehdiabad-Baksol-Ziya Bünyadov nəqliyyat dəhlizinə qoşula biləcəklər.
Mütəxəssislərin fikrincə, yeni yol infrastrukturu yalnız hərəkət sürətini artırmayacaq, həm də "20 Yanvar" dairəsi, Binəqədi şosesi və şəhərin mərkəzi küçələrində nəqliyyat yükünün azalmasına müsbət təsir göstərəcək.
Baksol ərazisi həm də paytaxtın mühüm sənaye və anbar zonasıdır. Yeni magistral iritonnajlı yük avtomobillərinin şəhərin əsas paylayıcı yollarına birbaşa çıxışını təmin etməklə şəhərdaxili logistikanın səmərəliliyini artıracaq, kommersiya nəqliyyatının xərclərini azaldacaq.
MONETAR.AZ