Avtomobil idxalında struktur dəyişir: plug-in hibridlər liderdir

Avtomobil idxalında struktur dəyişir:

Azərbaycanın avtomobil idxalında struktur dəyişiklikləri və ekoloji təmiz nəqliyyat vasitələrinə keçid tendensiyası güclənməkdədir.

Dövlət Gömrük Komitəsinin açıqladığı son statistikaya əsasən, hesabat dövründə ölkəyə ümumilikdə 542 milyon 269,8 min ABŞ dolları dəyərində 26 805 ədəd avtomobil idxal edilib.

İdxalda əsas pay minik avtomobillərinə düşüb. Bu kateqoriya üzrə ölkəyə 23 411 ədəd avtomobil gətirilib ki, bu da ümumi idxalın 87,3 faizini təşkil edir.

Minik avtomobillərinin strukturunda “yaşıl keçid” tendensiyası xüsusilə diqqət çəkir. Belə ki, 14 163 ədəd ənənəvi mühərrikli avtomobil idxal olunub, bu da minik avtomobillərinin 60,5 faizinə bərabərdir.

Alternativ enerji ilə işləyən avtomobillərin sayı isə 9 248 ədəd olub və bu göstərici 39,5 faizə çatıb. Bu avtomobillərin ümumi dəyərdə payı isə daha yüksəkdir.

Statistikaya görə, ölkəyə 6 318 ədəd plug-in hibrid, 2 462 ədəd adi hibrid və 468 ədəd elektromobil idxal olunub. Elektromobillərin orta idxal dəyəri 26 min dollardan çox olmaqla ən yüksək seqmenti təşkil edir.

Hesabat dövründə yük və xüsusi təyinatlı avtomobillərin, eləcə də ictimai nəqliyyat vasitələrinin idxalında da artım müşahidə olunub. Bu göstəricilər ölkədə həm logistika, həm də sərnişindaşıma sektorunun yenilənmə prosesinin davam etdiyini göstərir.

Ümumilikdə rəqəmlər Azərbaycan avtomobil bazarında yanacaqdan daha qənaətcil və ekoloji təmiz nəqliyyat vasitələrinə doğru sürətli keçidin baş verdiyini təsdiqləyir.

MONETAR.AZ