Türkiyədən strateji addım: Boğazlardan keçid haqları 15 faiz artırılır

Türkiyədən strateji addım: Boğazlardan keçid haqları

Türkiyə hakimiyyəti beynəlxalq gəmiçilik üçün kritik əhəmiyyətə malik Bosfor (İstanbul) və Çanaqqala (Dardanel) boğazlarından keçid tariflərini növbəti dəfə yüksəldir. Bu ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək yeni qərara əsasən, gəmilərin tranzit keçid haqları 15% artırılacaq.

Türkiyənin "NTV" telekanalının yaydığı məlumata görə, bu artımdan sonra boğazlardan keçid rüsumu gəminin xalis tonajının hər tonu üçün 6,7 ABŞ dolları təşkil edəcək.

Gəmilərdən tutulan yığımların məbləği Bosfor və Çanaqqala boğazlarında gəmiçiliyin hüquqi rejimini tənzimləyən 1936-cı il tarixli məşhur Montrö Konvensiyası çərçivəsində gəmilərin xalis tonajına (Net Tonaj) əsasən hesablanır.

Ötən ilin iyul ayından etibarən Türkiyə boğazlarından keçid üçün hər ton üzrə 5,83 ABŞ dolları məbləğində ödəniş alınırdı. Türkiyə hakimiyyəti 2022-ci ildən etibarən boğazlardan tranzit keçən gəmilər üçün tarifləri hər il artırır. Həmin dövrə qədər rüsum hər ton üçün cəmi 0,8 ABŞ dolları təşkil edirdi.

Türkiyə Nəqliyyat Nazirliyinin statistikasına əsasən, təkcə 2025-ci ildə Bosfor və Çanaqqala boğazlarından 40 mindən çox gəmi keçib. Hazırda bir gəminin boğazlardan keçməsi üçün ödədiyi orta məbləğ onun ölçülərindən asılı olaraq 15 min ilə 30 min dollar arasında dəyişir. Yeni artımdan sonra bu rəqəmlər daha da yüksələcək.

Rəsmi Ankara bəyan edir ki, boğazların tranzitindən əldə olunan çoxmilyonluq gəlirlər kommersiya məqsədi daşımır və əsasən aşağıdakı sahələrin maliyyələşdirilməsinə yönəldilir:

  • Sahil mühafizəsi və naviqasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi;

  • Dəniz xilasedicilərinin və xüsusi tibb briqadalarının saxlanılması;

  • Strateji su yollarında baş verə biləcək mümkün dəniz qəzalarının və neft sızmalarının nəticələrinin operativ şəkildə aradan qaldırılması.