Maliyyə çətinlikləri yaşayan ABŞ-ın aşağıbüdcəli aviaşirkəti Spirit Airlines bütün reyslərini ləğv edərək bugün səhər tezdən fəaliyyətini dərhal dayandırdığını elan edib. Bununla da şirkətin 34 illik fəaliyyəti başa çatıb.
Şirkətin rəsmi saytında yerləşdirilən açıqlamada deyilir: “Müştərilərimizə: bütün reyslər ləğv edilib, müştəri dəstəyi artıq mövcud deyil. Son 34 ildə ultra-aşağıbüdcəli modelimizin aviasiya sektoruna təsiri ilə fəxr edirik və xidmətimizi davam etdirmək istərdik”.
Aviaşirkət sərnişinlərə hava limanına getməməyi və ödənişlərin geri qaytarılması ilə bağlı məlumat üçün xüsusi bağlanma səhifəsinə baxmağı tövsiyə edib.
Spirit son bir il ərzində ikinci dəfə iflasdan çıxmağa çalışsa da, bu cəhdlər uğursuz olub. Buna səbəb kimi İranla müharibə fonunda aviasiya yanacağının bahalaşması göstərilir. Keçən ay şirkət Ağ Evdən maliyyə dəstəyi istəmişdi. Donald Tramp ilkin olaraq kömək variantını istisna etməsə də, danışıqların pozulmasından sonra şirkətin bağlanacağı barədə məlumatlar yayılıb.
Uçuş izləmə sistemləri şənbə səhər saatlarında Spiritə məxsus heç bir təyyarənin havada olmadığını göstərib. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, şirkətin son reysi olan Detroytdan Dallas istiqamətində həyata keçirilən NK1833 nömrəli uçuş Bakı vaxtı ilə 09:08-də eniş edib.
Şirkətin bağlanması nəticəsində 15 mindən çox əməkdaş işsiz qalıb.
Spirit maliyyə problemlərindən sonra 2022-ci ildə özünü JetBlue-ya satmağa çalışmışdı. Lakin ABŞ Ədliyyə Nazirliyi bu razılaşmanın antiinhisar qanunlarını poza biləcəyini bildirmiş, məhkəmə isə 2024-cü ildə birləşməni bloklamışdı. Bundan bir neçə ay sonra şirkət iflasdan qorunma üçün müraciət etmişdi və 2011-ci ildən bəri bunu edən ilk böyük ABŞ aviaşirkəti olmuşdu.
JetBlue və Frontier Airlines daxil olmaqla digər ABŞ aviaşirkətləri isə zərərçəkmiş sərnişinlərə alternativ səyahət planları ilə bağlı dəstək göstərməyə hazır olduqlarını bildiriblər.