Neft daşıyan supertankerlərin icarə qiyməti əsas marşrutlarda son beş ildən artıq dövrün ən yüksək səviyyəsinə qalxıb. Bloomberg yazır ki, artımın əsas səbəbi alıcıların sanksiya altına düşmüş Rusiya neftinə alternativ axtarması və Yaxın Şərq ilə ABŞ istehsalçılarının təklifi artırmasıdır.
Ötən həftənin sonuna yaxın, 2 milyon barrelə qədər yük daşıya bilən VLCC (Very Large Crude Carriers) sinifli supertankerlərin Yaxın Şərq–Çin marşrutu üzrə baza fraxt dərəcələri sutkada təxminən 137 min dollara çatıb. Bu, ilin əvvəlindəki göstəricidən 576% çoxdur. Hazırkı qiymət 2020-ci ilin aprel ayının sonundan bəri ən yüksək səviyyədir.
Bronların kəskin artması ABŞ-ın Rusiya şirkətləri “Rosneft” və “Lukoil”in neft ixracına qarşı ötən cümə qüvvəyə minmiş sanksiyaları ilə eyni vaxta təsadüf edir. Bu qərar, xüsusilə Hindistan və Çin alıcılarını təcili şəkildə digər təchizatçılara yönəlməyə məcbur edib.
Eyni zamanda ABŞ və OPEC+ ölkələrində hasilatın artması vəziyyətə təsir göstərib. Jefferies LLC analitiki Omar Noktənin sözlərinə görə, Yaxın Şərq istehsalçıları lazım olan həcmdə neft təqdim etməyə hazırdır. Tələbatdakı dəyişiklik artıq hiss olunur: ötən həftə noyabrın sonu və dekabr ayı üçün Yaxın Şərqdən neft daşınmasına çoxsaylı sifarişlər qeydə alınıb ki, bu da daşıyıcıların gəlirlərini kəskin şəkildə artırıb.
Yüksək gəlir əldə etmək istəyən gəmi sahibləri isə gəmilərin təyinatını dəyişməyə başlayıb. Bu ayın əvvəlində rekord sayda məhsul tankerləri (adətən aviasiya kerosini və dizel daşıyan) xam neft daşınmasına keçib.
MONETAR.AZ