"Google" kosmosda ilk süni intellekt məlumat mərkəzini yaradacaq

"Google" kosmosda ilk süni intellekt məlumat mərkəzini

“Google” şirkəti kosmosda süni intellekt infrastrukturu yaratmaq məqsədi daşıyan “Suncatcher” layihəsi çərçivəsində TPU prosessorlarının sınaqlarına başlayır. Şirkət bu məqsədlə prosessorların kosmos şəraitində fəaliyyətini qiymətləndirmək üçün ilk sınaq peykini orbitə çıxarmağa hazırlaşır.

“Google”un mətbuat açıqlamasında bildirilib ki, çoxillik tədqiqatlardan sonra “Suncatcher” layihəsi orbitdə ilk sınaq mərhələsinə keçir. Bu mərhələdə peyk prototipi “Google Tensor Processing Units” (TPU) prosessorlarının kosmosdakı fəaliyyət göstəricilərini yoxlamaq üçün istifadə olunacaq.

Layihənin əsas məqsədi süni intellekt hesablama imkanlarına malik peyklərdən ibarət infrastruktur yaratmaqdır. “Google”un ilkin hesablamalarına görə, kosmosda yerləşdirilən qurğular Yer səthindəki analoji sistemlərlə müqayisədə səkkiz dəfə daha çox enerji generasiya etmək potensialına malik ola bilər.

İlk sınağın 2026-cı il oktyabrın 1-də keçirilməsi planlaşdırılır. Missiyanın “Planet” şirkətinin “SpaceX” ilə birgə hazırladığı “Transporter-18” kosmik missiyası vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

“Suncatcher” layihəsi süni intellekt hesablamalarının kosmosa çıxarılması ideyasını sınaqdan keçirməyi hədəfləyir. Layihənin uğurlu olması kosmosda enerji istehsalı, hesablama gücü və məlumatların emalının birləşdirildiyi yeni infrastruktur modelinin inkişafına imkan yarada bilər.

MONETAR.AZ