Bu gün saat 21:00-dan etibarən Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində nəzərdə tutulan dəyişikliklərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Eyni zamanda, Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində də təmir işləri ilə əlaqədar hərəkətə məhdudiyyət qoyulacaq.
Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulur. Bu məqsədlə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək və işlərin aparıldığı müddətdə ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyətlər nəzərdə tutulan işlər başa çatanadək qüvvədə olacaq.
AAYDA sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən nəzərə almağı, mümkün olduğu halda alternativ marşrutlardan istifadə etməyi və təmir işləri ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə anlayışla yanaşmağı tövsiyə edib.