Bu gün, 29 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün dövlət qulluğunda etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş distant təlim keçirilib.
Təlim Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən təşkil olunub.
Təlim zamanı iştirakçılara korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, bu hüquqpozmalarına görə məsuliyyət, eləcə də korrupsiyaya qarşı mübarizənin beynəlxalq təcrübəsi barədə məlumat verilib.
Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycanda bu istiqamətdə əldə edilmiş nailiyyətlər, dövlət qulluqçularının etik davranış qaydaları və onların praktiki tətbiqi məsələləri müzakirə olunub.
Təlimdə etik davranış qaydalarının dövlət qulluğunda əhəmiyyəti, korrupsiyanın qarşısının alınmasında etik prinsiplərin rolu və bu qaydaların gündəlik fəaliyyət zamanı tətbiqi ilə bağlı məsələlərə də toxunulub.
Tədbirin sonunda iştirakçıların korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları ilə bağlı sualları cavablandırılıb.