“OpenAI” yaxın həftələrdə kibertəhlükəsizlik imkanlarına fokuslanan yeni süni intellekt modeli – GPT-6 Cyber-i təqdim etməyə hazırlaşır. Şirkət bununla yanaşı, müştərilərə modeli daha təhlükəsiz şəkildə tətbiq etməyə və kibertəhlükəsizlik proseslərini avtomatlaşdırmağa imkan verəcək yeni məhsul üzərində də işləyir.
Fortune nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, hələlik adı açıqlanmayan yeni məhsul süni intellektdən istifadə etməklə həyata keçirilən kiberhücumların mürəkkəbləşdiyi bir vaxtda şirkətlərə avtomatlaşdırılmış iş axınları yaratmağa və sistemlərdə aşkarlanan zəiflikləri aradan qaldırmağa kömək edəcək.
Yeni məhsulun “OpenAI” üçün başqa bir funksiyası da şirkətin öz süni intellekt modellərindən istifadəyə daha nəzarətli yanaşmasına imkan yaratmaq olacaq.
Nəşrin məlumatına görə, “OpenAI”ın Daybreak Red adlı qapalı kibertəhlükəsizlik proqramına daxil olan məhdud sayda müştəri artıq GPT-6 Cyber modelini sınaqdan keçirir. Proqramın daha geniş giriş imkanı təqdim edən Blue mərhələsinin də olduğu bildirilir.
GPT-6 Cyber “OpenAI”ın bu il kibertəhlükəsizlik istiqamətində təqdim etdiyi dördüncü model olacaq. Şirkət apreldə GPT-5.4 Cyber, iyunda GPT-5.5 Cyber, avqustda isə GPT-5.6 Cyber modelini təqdim edib. Yeni GPT-6 Cyber modelinin isə yaxın həftələrdə istifadəyə verilməsi gözlənilir.
“OpenAI”ın yeni məhsul və modelini şirkətin hər il keçirdiyi DevDay tədbirində təqdim etməyi planlaşdırdığı bildirilir. Tədbir çərçivəsində həm fərdi istifadəçilər, həm də korporativ müştərilər üçün ondan çox yeni məhsulun elan edilə biləcəyi qeyd olunur.
MONETAR.AZ