2026-cı ildə ərzaq qiymətlərində artım ölkələr üzrə ciddi fərqlənəcək. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni proqnozunda bildirilir.
Hesabata əsasən, 160 ölkə üzrə ərzaq inflyasiyası göstəriciləri təhlil edilib. Qlobal orta göstəricinin 3,2 faiz olacağı proqnozlaşdırıldığı halda, bəzi ölkələrdə qiymət artımı iki rəqəmli səviyyədə gözlənilir, digərlərində isə nisbətən sabit qalacağı bildirilir.
Siyahıya 55,9 faiz illik artım proqnozu ilə İran başçılıq edir. Mütəxəssislər bunu milli valyutanın dəyər itirməsi və uzunmüddətli inflyasiya təzyiqləri ilə əlaqələndirirlər.
İkinci və üçüncü yerlərdə müvafiq olaraq Argentina (33,2 faiz) və Türkiyə (25,1 faiz) qərarlaşıb. Hər iki ölkədə son illərdə yüksək inflyasiya meyillərinin davam etdiyi qeyd olunur.
İlk onluqda həmçinin Haiti (24,1 faiz), Malavi (21,2 faiz), Nigeriya (17,1 faiz), Livan (14,9 faiz), Anqola (14,8 faiz), Qazaxıstan (12,7 faiz), Zambiya (10,8 faiz), Efiopiya (10,1 faiz), Yamayka (9,7 faiz), Monqolustan (9,7 faiz), Qırğızıstan (9,4 faiz) və Ukrayna (9,2 faiz) yer alıb.
Hesabatda bildirilir ki, ərzaq inflyasiyasına valyuta məzənnələrinin dəyişməsi, qlobal əmtəə qiymətləri, ticarət zəncirində pozuntular və daxili təklif amilləri təsir göstərir. Xüsusilə idxaldan asılı və iqtisadi sabitliyi zəif olan ölkələrdə qiymət artımı daha kəskin hiss olunur.
FAO qeyd edir ki, mövcud proqnozlar 2026-cı ildə bir sıra regionlarda ev təsərrüfatlarının büdcəsinə əlavə təzyiqlərin davam edəcəyini göstərir.
MONETAR.AZ