Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi zərfinin layihəsində İcbari Tibbi Sığorta Fondunun (İTSF) maliyyə planı üzrə mühüm dəyişikliklər nəzərdə tutulur. Layihədə Fondun ümumi xərclərinin 2025-ci illə müqayisədə azalması diqqət çəkir.
2026-cı ildə İTSF-nin büdcə xərcləri 2 milyard 621,5 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 10,9 faiz azalma deməkdir. Xərclərin azalması bir sıra amillərlə bağlıdır.
İlk növbədə, 2025-ci ildə icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, infrastrukturun formalaşdırılması və ilkin təşkilati xərclərin yüksək olması ilə fərqlənirdi. 2026-cı ildə isə sistem artıq sabit fəaliyyət mərhələsinə keçdiyindən bu xərclər azalır.
Bundan başqa, xidmətlərin idarə olunmasında səmərəliliyin artması və vahid tarif sisteminin tətbiqi xərc yükünü azaldan əsas faktorlardandır.
Layihəyə əsasən, Fondun gəlirlərinin mənbələrində də struktur dəyişiklikləri müşahidə olunur.
Göründüyü kimi, Fondun öz gəlirləri müəyyən qədər azalsa da, əvvəlki illərdən formalaşmış vəsait qalıqları əhəmiyyətli dərəcədə artıb. Bu, Fondun gələcək xərcləri daxili ehtiyatlar hesabına qarşılamaq imkanının genişləndiyini göstərir.
2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin 2,2 faizini təşkil edir və 2025-ci illə müqayisədə 36,5 faiz azdır.
Maliyyə ekspertlərinin fikrincə, dövlət subsidiyalarının azalması Fondun özünü maliyyələşdirmə qabiliyyətinin artmasından və sığorta haqlarından toplanan gəlirlərin yüksəlməsindən irəli gəlir.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiya gələcəkdə dövlət büdcəsinə yükün azalmasına, tibbi xidmətlərin maliyyələşdirilməsində səmərəliliyin artmasına və icbari tibbi sığorta sisteminin uzunmüddətli sabitliyinə töhfə verəcək.
MONETAR.AZ