Gürcüstan GELt buraxır: yeni rəqəmsal aktiv haqqında nələr məlumdur?

Gürcüstan GELt buraxır: yeni rəqəmsal aktiv haqqında

Qonşu Gürcüstan rəqəmsal maliyyə texnologiyaları sahəsində regionda ilklərdən birinə imza atmağa hazırlaşır. Dünyanın ən böyük steyblkoin (dəyəri sabit aktivə bağlanan kriptovalyuta) emitenti olan Tether şirkəti və Gürcüstan hökuməti rəsmi olaraq ölkənin milli valyutası lariyə (GEL) 1:1 nisbətində indekslənmiş GELt rəqəmsal aktivinin buraxılacağını elan ediblər. Bu layihə adi bir kriptovalyuta buraxılışı deyil; rəsmi dövlət tərəfdaşlığı və xüsusi hüquqi baza ilə dəstəklənən nadir qlobal eksperimentlərdən biridir.

Gürcüstan hökumətinin və rəqəmsal analitiklərin hesabatlarına əsasən, yeni aktivin əsas parametrləri və hədəfləri aşağıdakılardır:

  • Əsas Funksiyası: Əməliyyat xərclərinin kəskin azaldılması, anında (instant) hesablaşmalar və proqramlaşdırıla bilən ödənişlər (programmable payments). Aktiv xüsusilə beynəlxalq ticarət və xaricdən gələn pul köçürmələri (remittances) üçün alternativ kanal olacaq.

  • 100% Rezerv Təminatı: Gürcüstan Milli Bankının (NBG) tələbinə əsasən, dövriyyəyə buraxılan hər bir GELt mütləq yüksək likvidliyə və kredit keyfiyyətinə malik real lari ehtiyatları ilə sığortalanmalıdır. Bu aktivlər kənar auditorlar tərəfindən mütəmadi yoxlanılacaq.

  • ABŞ Standartları ilə Uyğunluq: Gürcüstan qanunvericiliyi bu layihə üçün ABŞ konqresində qəbul edilən GENIUS Aktı (stabilkoinlərin tənzimlənməsi haqqında qanun) əsasında formalaşdırılıb. Bu, GELt-in gələcəkdə beynəlxalq səviyyədə tanınmasını asanlaşdıracaq.

Hazırda Tether tərəfindən buraxılan USDT bazarda steyblkoinlərin təxminən 70%-ni təşkil edir. Dövriyyədə təxminən 190 milyard dollarlıq USDT mövcuddur. Şirkət bundan əvvəl də Meksika pesosu və Çin yuanının rəqəmsal versiyalarının yaradılmasında iştirak edib.

Tether son dövrlərdə qlobal strategiyasını dəyişir. Şirkət Avropa İttifaqındakı sərt MiCA qaydalarına görə avroya bağlı EURT steyblkoininin buraxılışını tamamilə dayandırıb, ofşor Çin yuanı (CNHT) üçün geri satınalmaları (redemption) bitirməyə hazırlaşır. Bunun əvəzinə diqqətini ABŞ daxili bazarı üçün yeni tənzimlənən USAT aktivinə və Gürcüstanın GELt-i kimi spesifik regional dövlət tərəfdaşlıqlarına yönəldir.

GELt-in tam texniki strukturu, rəsmi dövriyyə tarixi və ehtiyatların saxlanacağı konkret banklar növbəti aylarda rəsmi olaraq açıqlanacaq.

MONETAR.AZ