Cənubi Koreya texnologiya nəhəngi "Samsung"un cihazlarında istifadəçilərin tez-tez qarşılaşdıqları bəzi qəribə və "sirli" nasazlıqların əsas səbəbləri məlum olub. Dünyanın aparıcı texnologiya portallarından olan BGR istifadəçilərin ən çox şikayət etdiyi problemləri araşdıraraq onların yaranma səbəblərini və praktik həll yollarını təqdim edib.
İstifadəçilərin ən çox qarşılaşdığı problem böyük "One UI" və ya təhlükəsizlik yenilənmələrindən dərhal sonra akkumulyatorun enerjisinin gözlənilməz dərəcədə sürətlə tükənməsidir. Ekspertlərin rəyinə görə, bu nasazlıq müvəqqəti xarakter daşıyır. Yenilənmədən sonra əməliyyat sistemi daxili keş sənədlərini yeniləyir, tətbiqləri yeni proqram koduna uyğunlaşdırır və arxa fonda genişmiqyaslı indeksləşdirmə işləri aparır. Cihazın öz enerjini idarəetmə alqoritmlərini (istifadəçi vərdişlərini) yenidən sazlaması üçün bir neçə gün vaxt lazımdır. Bu müddətdən sonra batareyanın işi normallaşır.
Ən çox çaşqınlıq yaradan "sirli problem" telefon enerji yığımına qoşulduqda ekranda peyda olan nəmlik xəbərdarlığıdır. Sistem normalda USB-C portuna su və ya rütubət daxil olduqda qısaqapanmanın qarşısını almaq üçün bu siqnalı verməlidir. Lakin bir çox hallarda port tamamilə quru olsa da, proqram təminatındakı xəta ucbatından yanlış siqnal işə düşür.
Əgər cihazın giriş hissəsinin quru və təmiz olduğuna əminsinizsə, lakin xəbərdarlıq ekrandan getmirsə, bu proqram xətasıdır. Problemi həll etmək üçün: Parametrlər (Settings) -> Tətbiqlər (Apps) -> Sistem tətbiqlərini göstər -> "USB Settings" bölməsinə daxil olaraq keş yaddaşı (Clear Cache) təmizləmək kifayətdir.
Texnoloji problemlərlə yanaşı, Samsung rəhbərliyinin yaxın gələcəkdə istifadəçiləri məyus edəcək digər bir qərarı barədə də məlumat yayılıb. TechManiacs nəşrinin daxili mənbələrdən əldə etdiyi məlumata görə, şirkət artıq iyun ayından etibarən smartfonlarının qiymətlərini kəskin şəkildə artırmağı planlaşdırır. Komponent (çip və ekran) xərclərinin artması səbəbindən Avropa bazarında smartfonların pərakəndə satış qiymətinin təxminən 100 avro yüksələcəyi gözlənilir.
MONETAR.AZ