Xəzər–Qara dəniz–Avropa “Yaşıl Enerji Dəhlizi” (GECO) yekun mərhələdədir

Xəzər–Qara dəniz–Avropa “Yaşıl Enerji Dəhlizi” (GECO)

Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini birləşdirəcək nəhəng “Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının  hazırlanması yekun mərhələyə qədəm qoyub. İtaliyanın nüfuzlu mühəndislik korporasiyası CESI-nin baş qərargahında keçirilən ikigünlük seminarda layihənin iştirakçısı olan dörd ölkənin — Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın nümayəndə heyətləri, eləcə də GECO birgə müəssisəsinin rəsmiləri layihənin strateji və texniki parametrlərini geniş təhlil ediblər.

Xəritədə göründüyü kimi, layihənin əsas coğrafi hədəfi Xəzər dənizi regionunda istehsal olunan alternativ enerjini Gürcüstan və Qara dəniz sualtı xətti vasitəsilə birbaşa Şərqi və Mərkəzi Avropa bazarlarına daşımaqdır.

CESI-də baş tutan görüşlər çərçivəsində tərəfdaş ölkələr layihənin tamamlanması üçün kritik əhəmiyyət kəsb edən bir sıra mühüm istiqamətləri nəzərdən keçiriblər. Xərclər və faydalar balansı qiymətləndirilib, layihənin gələcək maliyyələşmə mexanizmləri araşdırılıb. Biznes modeli üçün 3 əsas variant (tənzimlənən, bazar əsaslı və hibrid) nəzərdən keçirilib.

 Yüksək gərginlikli sabit cərəyan (HVDC) infrastrukturunun fəaliyyəti, texniki fərziyyələr və dəhlizin hər dörd ölkənin milli enerji sistemlərinə inteqrasiyası ssenariləri modelləşdirilib. Kabelin keçəcəyi xətlər üzrə həllini tapmamış texniki məqamlar, iştirakçı ölkələrin irad və təklifləri əsasında marşrutların təkmilləşdirilməsi müzakirə olunub.

Qara dənizin dibi ilə çəkiləcək bu xətt Cənubi Qafqazı birbaşa Avropa İttifaqı şəbəkəsinə bağlayan ən iri infrastruktur layihəsi olacaq. Texniki göstəricilər layihənin miqyasını aydın şəkildə nümayiş etdirir. Sualtı kabelin uzunluğu 1 115 kilometr, quru hissəsinin uzunluğu isə 40 kilometr olacaq. Kabelin gərginliyi 525 kV, ötürmə gücü isə 1 300 MVt təşkil edəcək.

Dəhlizin yaradılması üzrə ilkin addım 2022-ci ildə Buxarestdə dörd ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ilə qoyulub. Layihənin idarə edilməsi üçün birgə müəssisə (GECO, Black Sea Energy) isə 25 iyul 2023-cü ildə rəsmiləşdirilib.

Layihə rəsmi olaraq Avropa İttifaqının “Qarşılıqlı Maraq Layihələri” (PMI) siyahısına daxil edilib. Avropa Komissiyası regional enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən bu layihənin icrasına 2,3 milyard avro vəsait ayırmağı planlaşdırır.