Annuitet və differensial kredit ödənişi: hansı daha sərfəlidir?

 Annuitet və differensial kredit ödənişi:

Kredit ödənişi borcalanın kredit müqaviləsinə uyğun olaraq banka mütəmadi şəkildə ödədiyi məbləğdir. Bu ödəniş əsasən iki hissədən ibarət olur: əsas borc və faizlər. Kredit götürərkən annuitet və differensial ödəniş sxemləri arasındakı fərqi bilmək vacibdir. Çünki seçilən model aylıq ödənişin həcminə, maliyyə yükünə və ümumi artıq ödəniş məbləğinə təsir göstərir.

Annuitet ödəniş modeli zamanı borcalan kredit müddəti boyunca hər ay eyni məbləği ödəyir. Bu sistem daha çox ipoteka və istehlak kreditlərində tətbiq olunur, çünki şəxsi büdcənin planlaşdırılmasını asanlaşdırır.

Bu halda aylıq ödənişin tərkibində həm əsas borc, həm də faizlər yer alır. Lakin müddətin əvvəlində ödənişin böyük hissəsi faizlərə yönəlir, əsas borc isə daha yavaş azalır. Bu səbəbdən annuitet modelində ümumi artıq ödəniş adətən daha yüksək olur.

Mütəxəssislərin fikrincə, annuitet sisteminin əsas üstünlüyü aylıq ödənişlərin sabit qalmasıdır. Bu, xüsusilə uzunmüddətli ipoteka kreditlərində və sabit gəliri olan şəxslər üçün əlverişli hesab edilir. Mənfi tərəfi isə kredit üzrə ümumi faiz yükünün daha çox olmasıdır.

Differensial ödəniş modelində isə əsas borc bərabər hissələrə bölünür və faizlər qalan borc məbləği üzərindən hesablanır. Buna görə də kreditin ilk aylarında ödənişlər daha yüksək olur, sonrakı dövrlərdə isə tədricən azalır.

Bu sistemdə əsas borc daha sürətlə bağlandığı üçün ümumi faiz xərcləri annuitet modelindən daha az olur. Lakin ilkin mərhələdə maliyyə yükünün yüksək olması differensial ödənişin əsas çatışmazlığı sayılır.

Ekspertlər bildirirlər ki, annuitet modeli aylıq xərcləri əvvəlcədən planlaşdırmaq istəyən şəxslər üçün daha münasibdir. Differensial model isə yüksək gəlirə malik və kredit üzrə ümumi artıq ödənişi minimuma endirmək istəyən borcalanlar üçün daha sərfəli hesab olunur.

Vaxtından əvvəl kredit bağlanarkən də fərqlər nəzərə çarpır. Annuitet sistemində kreditin ilk illərində faizlərin böyük hissəsi ödənildiyi üçün erkən ödəniş daha çox üstünlük verir. Differensial sxemdə isə əlavə ödənişlər qalan borcu və gələcək faizləri azaldır.

Maliyyə mütəxəssisləri kredit müqaviləsi imzalamazdan əvvəl hər iki ödəniş qrafikini müqayisə etməyi, aylıq maliyyə yükünü və ümumi artıq ödənişi hesablamağı tövsiyə edirlər.

MONETAR.AZ