2025-ci ildə rebrendinq edərək bazarda yeni adla fəaliyyətini davam etdirən “İnno Kapital” investisiya şirkəti ili yüksək mənfəət göstəricisi ilə başa vurub. Şirkətin açıqladığı maliyyə hesabatına əsasən, xalis mənfəət illik müqayisədə 2,2 dəfə artaraq 798 min manata çatıb. İlk baxışdan bu nəticə investisiya şirkətinin uğurlu transformasiya keçirdiyini göstərir. Lakin balans göstəricilərinin dərin təhlili fərqli mənzərə ortaya qoyur: mənfəət artsa da, şirkətin ümumi maliyyə miqyası kəskin şəkildə kiçilib.
Bu isə bazarda vacib sual yaradır — “İnno Kapital” həqiqətən böyüyür, yoxsa risklərdən qaçaraq müdafiə mövqeyinə keçir? Şirkətin ümumi aktivləri bir il ərzində təxminən 32,7 milyon manatdan 10,9 milyon manata düşüb. Başqa sözlə, investisiya şirkətinin balansı təxminən 66,6 faiz kiçilib.
Maliyyə sektorunda belə sərt daralma adətən 2 səbəbdən baş verir:
-
iri həcmli institusional müştəri vəsaitlərinin şirkətdən çıxması;
-
əməliyyat və investisiya fəaliyyətinin könüllü şəkildə məhdudlaşdırılması.
Ən diqqətçəkən məqam isə budur ki, aktivlərin kəskin azalması fonunda mənfəət artımı qeydə alınıb. Bu, klassik investisiya biznes modeli üçün qeyri-adi tendensiya hesab olunur. Çünki investisiya şirkətlərində mənfəət əsasən əməliyyat dövriyyəsinin və idarə olunan aktivlərin həcmi ilə paralel böyüyür.
Hazırkı vəziyyət isə onu göstərir ki, “İnno Kapital” bazardakı risk ekspozisiyasını azaltmaqla daha konservativ modelə keçib.
2025-ci ilin ən diqqətçəkən dəyişikliklərindən biri də öhdəliklərin 95,5 faiz azalmasıdır. Şirkətin öhdəlikləri təxminən 23,8 milyon manatdan 1,075 milyon manata enib. “İnno Kapital” faktiki olaraq xarici borclardan və ya idarəetməsində olan iri öhdəliklərdən imtina edib. Nəticədə şirkətin maliyyə strukturu demək olar tamamilə öz kapitalı hesabına formalaşıb.
Hazırda balans kapitalı 9,828 milyon manat təşkil edir və öhdəliklərin aktivlərdə payı cəmi 9,8 faizdir. Bu göstərici maliyyə dayanıqlığı baxımından müsbət qiymətləndirilə bilər.
Lakin məsələnin digər tərəfi də var.
Maliyyə bazarlarında leverage - yəni borc resurslarından istifadə - investisiya şirkətlərinin böyümə mühərriklərindən biri hesab olunur. “İnno Kapital”ın demək olar tam borcsuz modelə keçməsi şirkətin risklərini azaltsa da, eyni zamanda gələcək genişlənmə imkanlarını məhdudlaşdırır.
Analitiklərin fikrincə, şirkət artıq klassik investisiya bankçılığı modelindən uzaqlaşaraq daha çox “butik investisiya evi” formatına yaxınlaşır. Bu modeldə əsas prioritet yüksək dövriyyə deyil, kapitalın qorunması və aşağı risk strategiyası olur.
Belə yanaşma qısamüddətli sabitlik yaratsa da, uzunmüddətli perspektivdə bazar payının azalmasına səbəb ola bilər.
Mənfəət Artımı Nə Dərəcədə Davamlıdır?
Aktivlərin üç dəfə kiçildiyi bir ildə mənfəətin 120 faiz artması maliyyə analitikləri üçün əlavə suallar yaradır.
Ekspertlər hesab edir ki, bu sıçrayış əsas əməliyyat fəaliyyətindən deyil, birdəfəlik gəlirlərdən formalaşmış ola bilər. Bunlara aşağıdakılar daxil ola bilər:
-
investisiya portfellərinin satışından əldə olunan gəlirlər;
-
rebrendinq dövründə aktivlərin yenidən qiymətləndirilməsi;
-
depozit və maliyyə gəlirlərinin optimallaşdırılması;
-
qeyri-təkrarlanan əməliyyat gəlirləri.
Əgər mənfəət əsas fəaliyyət hesabına formalaşmayıbsa, o zaman növbəti illərdə eyni dinamikanın qorunması çətin olacaq.
“İnno Kapital” Azərbaycan bazarında ən aktiv qiymətli kağızlardan hesab olunan SOCAR istiqrazlarının rəsmi market-meykeridir. Market-meyker funksiyası bazarda davamlı alış-satış likvidliyinin təmin edilməsini tələb edir. Bu baxımdan şirkətin aktivlərinin 10,9 milyon manata qədər azalması müəyyən risk siqnalları yaradır.
Çünki market-meyker yalnız yüksək kapitala deyil, eyni zamanda çevik və iri həcmli likvid aktivlərə malik olmalıdır. Təkrar bazarda yaranacaq ani satış təzyiqləri və ya likvidlik şokları zamanı balansın kiçilməsi manevr imkanlarını məhdudlaşdıra bilər.
Bu səbəbdən şirkətin gələcək strategiyası bazarda xüsusi diqqətlə izləniləcək.
MONETAR.AZ