Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığı və qeyri-neft sektorunun texnoloji modernizasiyasını sürətləndirəcək mühüm saziş imzalanıb. İtaliyanın dövlət ixrac kredit agentliyi "SACE" və Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) yerli şirkətlərin İtaliya istehsalı olan müasir avadanlıq, texnologiya, xidmət və nou-haulara (istehsalat sirlərinə) çıxışını asanlaşdırmaq məqsədilə strateji əməkdaşlığa başlayıb.
"SACE" agentliyinin rəsmi açıqlamasına görə, memorandum agentliyin icraçı direktoru Mikel Pinyotti və fondun İdarə Heyətinin sədri Ülvi Mansurov tərəfindən imzalanıb.
Bu razılaşma İtaliya ixracatçıları, təchizatçıları, podratçıları, həmçinin beynəlxalq maliyyə institutlarının birbaşa iştirakı ilə Azərbaycanda yeni investisiya layihələrinin reallaşdırılmasını hədəfləyir. Tərəfdaşlıq çərçivəsində yerli sahibkarlar üçün aşağıdakı maliyyə alətlərindən istifadə imkanları genişləndiriləcək:
İtaliyadan texnoloji xətlər və sənaye avadanlıqları alan Azərbaycan şirkətlərinə uzunmüddətli və aşağı faizli kreditlərin ayrılması; iki ölkə arasındakı irimiqyaslı ticarət əməliyyatlarında risklərin sığortalanması və "SACE" tərəfindən maliyyə zəmanətlərinin verilməsi; istehsalat sahələrinin qurulması və mövcud müəssisələrin avtomatlaşdırılması üçün çevik maliyyələşmə mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Saziş sadəcə maliyyə dəstəyi ilə məhdudlaşmır, həm də iki ölkənin iş dünyası arasında birbaşa inteqrasiyanı nəzərdə tutur. Yaxın gələcəkdə İtaliya və Azərbaycan şirkətləri, kommersiya bankları və yerli iqtisadi qurumlar arasında yeni əlaqələrin qurulması planlaşdırılır.
Bu məqsədlə hər iki ölkədə qarşılıqlı biznes forumların, qapalı ticarət missiyalarının və B2B (biznesdən biznesə) görüşlərin təşkili nəzərdə tutulur ki, bu da yerli sahibkarlara İtaliyada etibarlı tərəfdaşlar tapmaqda birbaşa köməklik göstərəcək. Layihə xüsusilə aqrar sənaye, tekstil, tikinti materiallarının istehsalı və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər üçün böyük perspektivlər vəd edir.