Türkiyə parlamenti yeni rezidentlər üçün 20 illik vergi güzəştini təsdiqləyib

Türkiyə parlamenti yeni rezidentlər üçün 20 illik

Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici investisiyaları və yüksək gəlirli şəxsləri ölkəyə cəlb etmək məqsədilə miqrasiya və vergi qanunvericiliyində inqilabi dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsini təsdiqləyib. Imidaily.com nəşrinin yaydığı məlumata görə, mayın 21-də parlamentdən keçən sənəd yeni rezidentlərə görünməmiş maliyyə imtiyazları tanıyır.

Qanun rəsmən qüvvəyə minmək üçün 15 gün ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmalı və hökumətin rəsmi mətbuat orqanı olan “Resmi Gazete”də dərc edilməlidir.

Yeni qanuna əsasən, Türkiyəyə köçən şəxslər köçdükləri andan etibarən 20 il müddətinə xaricdən əldə etdikləri gəlirlərə görə vergidən tam azad olunurlar. Bu Türkiyəyə köçməzdən əvvəlki son üç il ərzində bu ölkənin vergi rezidenti olmayan şəxslərdir. Güzəşt yalnız xaricdə əldə edilən gəlir, royalti, dividend və mənfəətə tətbiq olunur. Yeni rezidentlərin Türkiyə daxilində qazandıqları vəsaitlər isə ümumi qaydada — 15%-dən 40%-ə qədər dəyişən proqressiv dərəcə ilə vergiyə cəlb ediləcək. Bu şəxslər üçün miras və hədiyyə vergisi fərdi hallarda standart 1–30% əvəzinə cəmi 1% təşkil edəcək.

Qanunun digər mühüm bəndi ölkəyə gətirilən nağd pul, qızıl və xarici qiymətli kağızların leqallaşdırılmasını (kapital amnistiyasını) nəzərdə tutur. Yerli banklar və brokerlər vasitəsilə bəyan ediləcək aktivlər üçün son müraciət tarixi 31 iyul 2027-ci il müəyyən edilib.

Yeni paket təkcə fiziki şəxsləri deyil, həm də ixracatçı və istehsalçı korporasiyaları əhatə edir. Qəbul edilən yeni korporativ vergi tənzimləmələri aşağıdakı kimidir:

  • İstehsalçı şirkətlər: Korporativ vergi dərəcəsi iki dəfə azaldılaraq 25%-dən 12,5%-ə endirilib.

  • İxracatçılar: Öz məhsullarını birbaşa ixrac edən şirkətlərin ixrac gəlirləri 9%, digər (vasitəçi) ixracatçıların gəlirləri isə 11% dərəcə ilə vergiyə cəlb olunacaq.

  • Tranzit ticarət (IFC): İstanbul Maliyyə Mərkəzində (IFC) qeydiyyatdan keçən şirkətlərin tranzit ticarətdən qazandıqları gəlirlər korporativ vergidən tam azad edilir. IFC xaricində fəaliyyət göstərən şirkətlərə isə bu sahədə 95%-dək güzəşt verilir.

  • Maliyyə ixracı: Maliyyə xidmətlərinin ixracından əldə olunan gəlirlərin vergidən azad olunması rejimi 2047-ci ilə qədər uzadılıb.

MONETAR.AZ