Azərbaycanın bank olmayan kredit təşkilatları sektorunda son illər müşahidə olunan sürətli böyümə tendensiyası bazarda yeni və aqressiv oyunçuların meydana çıxmasına səbəb olub. Lakin balans göstəricilərinin böyüməsi hər zaman maliyyə sağlamlığının göstəricisi hesab edilmir. Bəzən aktivlərin və kapitalın sürətli genişlənməsi daxildə dərin struktur problemləri gizlədir.
“Azfinans” MMC BOKT-un 2025-ci il üzrə maliyyə hesabatı da məhz belə ziddiyyətli mənzərə ortaya qoyur. İlk baxışda şirkət aktivlərini və kapitalını bir neçə dəfə artırıb. Ancaq rəqəmlərin detallı təhlili göstərir ki, bu böyümə rentabelliyə çevrilmir və əksinə, institusional riskləri artırır.
2025-ci ilin sonunda “Azfinans” BOKT-un aktivləri 1,511 milyon manata çataraq illik müqayisədə 4,8 dəfə artıb. Lakin əsas gəlir mənbəyi hesab olunan kredit portfeli cəmi 2,5 dəfə böyüyərək 774 min manat təşkil edib. Bu isə o deməkdir ki, təşkilatın ümumi aktivlərinin yalnız 51,2 faizi real kreditləşməyə yönəlib. Başqa sözlə, təxminən 737 min manatlıq aktiv birbaşa gəlir yaratmır.
Maliyyə sektorunda əsas funksiyası kredit vermək olan bir qurum üçün bu, ciddi effektivlik problemi hesab olunur. Analitiklərin fikrincə, həmin vəsaitlərin bir hissəsi aşağı gəlirli bank qalıqlarında saxlanılır, digər hissəsi isə qeyri-faiz aktivlərinə yönləndirilib. Nəticədə aktivlərin sürətli böyüməsi gəlirlilik yaratmaq əvəzinə kapitalın “dondurulmasına” səbəb olur.
Hesabatın diqqət çəkən digər hissəsi öhdəliklərin dinamikasıdır. Şirkətin borclanması bir il ərzində 6,15 dəfə artaraq 320 min manata yüksəlib. Müqayisə göstərir ki, cəlb edilən vəsaitlərin artım tempi kredit portfelinin böyüməsini 2 dəfədən çox üstələyir. Bu o deməkdir ki, təşkilat bazardan və ya təsisçilərdən sürətlə resurs cəlb etsə də, həmin vəsaitləri gəlir gətirən kreditlərə çevirməkdə çətinlik yaşayır.
Belə vəziyyətdə hər əlavə borclanma maliyyə yükünü artırır. Çünki cəlb edilən vəsaitlər üzrə faiz və xidmət xərcləri yaranır, lakin həmin pullar kredit bazarında aktiv işləmədiyi üçün adekvat gəlir formalaşmır. Bu isə mənfəətlilik əvəzinə zərərin dərinləşməsinə gətirib çıxarır.
Miqyas böyüdükcə zərərin artması təhlükəli siqnaldır
Ən ciddi risk göstəricilərindən biri xalis zərərin dinamikasıdır. “Azfinans” BOKT 2025-ci ili 73 min manat xalis zərərlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 87,2 faiz çoxdur. Normal iqtisadi modeldə biznes böyüdükcə miqyas effekti yaranır və sabit xərclərin yükü azalır. “Azfinans”da isə əks proses baş verir — aktivlər sürətlə genişləndiyi halda zərər də paralel şəkildə artır.
Bu tendensiya bir neçə ehtimalı gündəmə gətirir:
-
Kredit portfelində keyfiyyət problemlərinin yaranması və problemli kreditlər üzrə yüksək ehtiyatların formalaşdırılması;
-
İdarəetmə və inzibati xərclərin gəlir artımını üstələməsi;
-
Aqressiv marketinq və genişlənmə strategiyasının maliyyə yükünü artırması.
Maliyyə ekspertləri bu vəziyyəti klassik “qayçı effekti” kimi qiymətləndirirlər - biznes böyüyür, amma gəlirlilik daralır.
“Azfinans” BOKT-un 2025-ci il maliyyə nəticələri göstərir ki, təşkilat hazırda aqressiv böyümə ilə maliyyə effektivliyi arasında balans qura bilmir. Aktivlər və kapital sürətlə artsa da, həmin artım gəlirliliyə çevrilmir.
Əgər 2026-cı ildə likvid vəsaitlərin kreditləşməyə yönəldilməsi sürətlənməzsə, əməliyyat xərcləri optimallaşdırılmazsa və kredit portfelinin keyfiyyəti yaxşılaşdırılmazsa, mövcud model uzunmüddətli perspektivdə əlavə kapital ehtiyacı yarada bilər.
Bu halda təsisçilərin davamlı kapital inyeksiyaları biznesin inkişafına deyil, yalnız zərərlərin kompensasiyasına xidmət etmiş olacaq.
MONETAR.AZ