Qızıla bağlı “asan qazanc” gözləntilərinin təhlükəsi

Qızıla bağlı “asan qazanc”

Qızıl uzun illərdir investorlar üçün “təhlükəsiz liman” hesab olunsa da, mütəxəssislər bu aktivlə bağlı həddindən artıq gözləntilərin riskli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

“Finam” şirkətinin analitiki Aleksandr Potavin bildirib ki, investisiya portfelinin müəyyən hissəsinin qızılda saxlanılması məntiqli olsa da, bütün vəsaiti və ya böyük payı bu aktivə yönəltmək düzgün yanaşma deyil.

Ekspertin sözlərinə görə, son illərdə qızılın qiyməti ciddi artım göstərib. Belə ki, son beş ildə metalın gəlirliliyi 145 faizdən çox, son 10 ildə isə təxminən 290 faiz təşkil edib. Buna baxmayaraq, qısamüddətli dövrdə bazarda ciddi dalğalanmalar mümkündür.

Potavin xatırladıb ki, 2011–2015-ci illərdə qızılın qiyməti 40 faizdən çox ucuzlaşmışdı. Onun fikrincə, geosiyasi gərginlik, inflyasiya gözləntiləri və spekulyativ amillər hazırkı yüksək qiymətlərin əsas səbəbləridir və bu faktorların davamlı olacağına zəmanət yoxdur.

Analitik həmçinin qeyd edib ki, bəzi proqnozlarda qızılın bir unsiyasının yaxın illərdə 8-9 min dollara qədər yüksələcəyi iddia olunsa da, bu cür gözləntilər əsasən fərziyyələrə söykənir. Onun sözlərinə görə, qızıl likvidlik baxımından digər maliyyə alətlərindən geri qalır, əlavə gəlir gətirmir və saxlanılması müəyyən xərclər tələb edir.

Mütəxəssislər investorlara bütün vəsaiti bir aktivdə toplamaq əvəzinə, portfeli diversifikasiya etməyi tövsiyə edirlər. Onların fikrincə, qızıl qoruyucu alət kimi faydalı olsa da, “sürətli və zəmanətli qazanc” mənbəyi kimi qiymətləndirilməməlidir.

MONETAR.AZ