“Natixis Global Retirement Index 2025” hesabatına əsasən, Norveç təqaüdçülər üçün dünyanın ən yaxşı ölkəsi elan olunub.
Hesabata görə, Norveç 83 faiz göstərici ilə reytinqdə birinci yeri tutub. Ölkənin yüksək həyat səviyyəsi, güclü sosial müdafiə sistemi, keyfiyyətli səhiyyə xidməti və əlverişli ekoloji göstəriciləri liderliyi təmin edən əsas amillər kimi göstərilib.
İkinci yerdə 82 faiz göstərici ilə İrlandiya qərarlaşıb. Son on ildə ölkə reytinqdə ciddi irəliləyiş əldə edərək 15-ci pillədən ikinci yerə yüksəlib. İlk üçlüyü isə 81 faiz nəticə ilə İsveçrə tamamlayıb.
Dünyanın ən yaxşı 10 təqaüd ölkəsi
2025-ci il üzrə siyahı aşağıdakı kimidir:
-
Norveç — 83%
-
İrlandiya — 82%
-
İsveçrə — 81%
-
İslandiya — 79%
-
Danimarka — 79%
-
Niderland — 79%
-
Avstraliya — 77%
-
Almaniya — 76%
-
Lüksemburq — 75%
-
Sloveniya — 75%
Reytinqdə Avropa ölkələrinin üstünlüyü diqqət çəkir. İlk onluqda yer alan ölkələrin səkkizi Avropa dövlətləridir. Ekspertlər bunu regionda sosial təminat sistemlərinin inkişafı, pensiya fondlarının dayanıqlılığı və səhiyyə xidmətlərinin əlçatanlığı ilə əlaqələndirirlər.
Asiya regionunda isə ən diqqətçəkən nəticə Sinqapura məxsusdur. Ölkə reytinqdə 13-cü yerə yüksəlib.
Mütəxəssislər bildirirlər ki, bu irəliləyiş yüksək adambaşına düşən gəlir, maliyyə sabitliyi və təqaüd yığımlarının effektiv idarə olunması ilə bağlıdır.
Şimali Amerika ölkələri isə Avropa dövlətləri ilə müqayisədə daha aşağı mövqelərdə qərarlaşıb.
ABŞ reytinqdə 21-ci yeri tutub. Hesabatda ölkədə səhiyyə xidmətlərinin yüksək qiyməti və dövlət borcunun artması əsas risk faktorları kimi qeyd olunur.
Kanada isə əvvəlki illə müqayisədə 7 pillə geriləyərək 20-ci yerə düşüb. Bunun əsas səbəbi kimi mənzil qiymətlərinin yüksək olması və yaşayış xərclərinin artması göstərilir.
Ekspertlərin fikrincə, təqaüd üçün ən əlverişli ölkələr yüksək həyat keyfiyyəti, dayanıqlı pensiya sistemi, sosial müdafiə mexanizmləri və əlçatan səhiyyə xidmətlərinə malik dövlətlər hesab olunur.
MONETAR.AZ