Milli Turizm və Səyahətlər İdarəsinin (NTTO) rəsmi hesabatlarına əsaslanaraq The Independent qəzetinin yaydığı təhlillərə görə, 2025-ci ildə ABŞ-a səfər edən xarici turistlərin sayında kəskin azalma qeydə alınıb. Bu, COVID-19 pandemiyasının başa çatmasından və qlobal səyahət məhdudiyyətlərinin aradan qaldırılmasından bəri ölkənin turizm sektorunda yaşanan ilk böyük geriləmədir.
Milli Turizm və Səyahətlər İdarəsi 2025-ci il üçün olduqca nikbin proqnozlar irəli sürmüşdü. Qurum ölkəyə gələnlərin sayının 2024-cü illə müqayisədə 4,7 milyon nəfər artaraq 77 milyona çatacağını gözləyirdi. Lakin reallıq tam tərsinə olub və gözlənilən artım əvəzinə ciddi azalma baş verib. 2024-cü ildəki 72 milyon səviyyəsindən 2025-ci ildə 68 milyon nəfərə düşüb (dəqiq desək, 4 009 072 nəfərlik azalma).
Səyahətçilərin sayının azalması ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Xarici turistlərin ABŞ-da xərclədiyi vəsait inflyasiya və məzənnə fərqləri nəzərə alınmaqla 8,4 milyard dollar azalıb. ABŞ hələ də pandemiyadan əvvəlki pik səviyyəni bərpa edə bilmir; koronavirus böhranından öncə ölkə hər il 79 milyondan çox xarici qonaq qəbul edirdi.
ABŞ-a turist axınının ən böyük azalması Kanadadan qeydə alınıb. Ötən il bu ölkədən gələn səyahətçilərin sayı 4,2 milyon nəfər azalıb. Sonrakı yerlərdə Almaniya (224 mindən çox azalma), Hindistan (129 min azalma) və Fransa (116 min azalma) qərarlaşıb. Bununla yanaşı, Meksikadan gələnlərin sayı əksinə, 2024-cü illə müqayisədə 1 milyon nəfər artaraq ümumilikdə təxminən 18 milyon nəfərə çatıb.
Ekspertlər və Dünya Səyahət və Turizm Şurası (WTTC) qeyd edirlər ki, qlobal miqyasda səyahət edənlərin sayı əslində 2025-ci ildə 80 milyon nəfər artıb. ABŞ-dakı bu lokal azalmanın əsas səbəbləri kimi dolların digər valyutalar qarşısında həddən artıq dəyər qazanması (səyahətin bahalaşması) və Şimali Amerikada ümumi ÜDM artımının zəifləməsi (cəmi 1% artım) göstərilir.
Buna baxmayaraq, ABŞ hələ də qlobal turizm bazarında pul həcminə görə dünyada birinciliyini qoruyur, lakin digər ölkələrin sürətli bərpası fonunda bazar payını tədricən itirməkdədir.
MONETAR.AZ