İstanbul. Türkiyənin turizm sektorunda maliyyə çətinlikləri dərinləşir. Yerli mediada yayılan məlumata görə, ölkə üzrə satışa çıxarılan otellərin sayı 1500-ə çatıb. Bu, ötən illə müqayisədə 129 faiz artım deməkdir.
Bildirilir ki, turizm sektorunda artan xərclər, maliyyə təzyiqləri və regiondakı geosiyasi gərginliklər səbəbindən bir çox otel fəaliyyətini davam etdirməkdə çətinlik çəkir.
Məlumata əsasən, satışa çıxarılan obyektlərlə yanaşı, təxminən 200 otel də kirayə üçün bazara təqdim olunub. Sektor nümayəndələri doluluq səviyyələrinin də aşağı düşdüyünü qeyd edirlər.
Ekspertlərin fikrincə, turizm sahəsində yaşanan bu vəziyyət təkcə yerli deyil, qlobal iqtisadi və siyasi proseslərin təsiri ilə bağlıdır. Xüsusilə enerji qiymətlərindəki dəyişkənlik və regionda gərginliyin artması sektorun gəlirlərinə mənfi təsir göstərir.
Analitiklər bildirirlər ki, vəziyyət davam edərsə, yaxın dövrdə daha çox turizm obyektinin satışa çıxarılması mümkündür.
MONETAR.AZ