Yaponiya uzun fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib. Yaponiyanın “Taiyo Oil” şirkəti Rusiyanın “Sakhalin Blend” markalı neftini satın alıb.
Məlumata əsasən, qərar Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazında daşımaların pozulması fonunda qəbul edilib. Bildirilir ki, Yaponiya enerji təchizatını şaxələndirmək və neft məhsullarının sabit tədarükünü təmin etmək məqsədilə alternativ mənbələr axtarmağa başlayıb.
Neft daşıyan “Voyager” tankerinin mayın əvvəlində Yaponiyanın Ehime prefekturasındakı emal zavoduna çatdığı qeyd olunur. Şirkət nümayəndələri bildiriblər ki, “Sakhalin Blend” neftinə qarşı sanksiyalar tətbiq olunmur və alış bu çərçivədə həyata keçirilib.
Ekspertlərin fikrincə, Yaponiya əsasən Yaxın Şərqdən neft idxal etdiyindən bölgədəki münaqişə ölkənin enerji təhlükəsizliyi üçün ciddi risk yaradıb. Buna görə Tokio alternativ marşrutlar və yeni tədarük imkanlarını nəzərdən keçirir.
Qeyd olunur ki, Yaponiya sonuncu dəfə 2025-ci ilin yayında Rusiyadan neft almışdı. Yeni tədarük isə təxminən bir ildən sonra həyata keçirilən ilk alış hesab olunur.
MONETAR.AZ