Azərbaycanda özəl banklar kreditləşmədə liderliyini qoruyur

Azərbaycanda özəl banklar kreditləşmədə

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı son rəsmi statistikaya əsasən, 2026-cı il mayın 1-nə ölkə iqtisadiyyatına yönəldilən ümumi kredit qoyuluşlarının həcmi 32 milyard 631,8 milyon manata çatıb.

Maliyyə bazarındakı bu aktivlik kredit portfelinin ötən ayla müqayisədə 1%, ilin əvvəlindən bəri 2,1%, illik ifadədə (ötən ilin müvafiq dövrünə nisbətən) isə 9,1% artdığını göstərir. Bazarın əsas hərəkətverici qüvvəsi statusunu isə yenə özəl banklar qoruyub saxlayıb.

Ümumi kredit portfelinin 22 milyard 440,7 milyon manatı və ya 68,8%-i özəl bankların payına düşüb. Onların kredit qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb.

Dövlət bankları tərəfindən verilən kreditlərin həcmi isə 8 milyard 168,5 milyon manat olub. Bu göstərici 2025-ci ilin may ayı ilə müqayisədə 11,6% çoxdur. Dövlət banklarının ümumi kredit portfelindəki payı 24,5%-dən 25%-ə yüksəlib.

Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2 milyard 22,6 milyon manata çatıb. Bu sahədə kreditləşmə bir il ərzində 12,2% artıb. Nəticədə BOKT-ların ümumi kredit portfelindəki payı 6%-dən 6,2%-ə yüksəlib.

Mərkəzi Bankın lisenziyası əsasında hazırda ölkənin maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların kəmiyyət tərkibi stabil qalırş Ölkədə cəmi 21 bank fəaliyyət göstərir ki, onlardan da 3-ü dövlət iştiraklı (dövlət payı olan) banklardır. Regional kreditləşmədə və kiçik biznes maliyyələşməsində mühüm rol oynayan 52 bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətdədir.

Kreditləşmədə ən yüksək artım tempi faiz göstəricisi baxımından BOKT (12,2%) və dövlət banklarının (11,6%) payına düşsə də, mütləq məbləğ və ümumi həcm baxımından özəl banklar 68,8%-lik payla Azərbaycan iqtisadiyyatının maliyyələşməsində əsas dominant qüvvə olaraq qalmaqdadır.