"Ağardılma" bəhrəsini verir - 6 ildə 87 faiz artım

5 Sentyabr 2025
16:04
Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 % artıb: "Ümumi əmək müqavilələrinin 55 %-ə yaxını bu sektorun payına düşür".
M.Cabbarovun sözlərinə görə, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının "ağardılması" və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb.
MONETAR.AZ