Azərbaycan bitkiçilik məhsulları ilə özünü necə təmin edir?

Son 5 ildə Azərbaycanda bitkiçilik məhsulları ilə özünü təminetmə səviyyəsində müxtəlif tendensiyalar müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dənli bitkilər (düyü istisna olmaqla) üzrə ümumi özünü təminetmə səviyyəsi 2020-ci ildə 68,1% olduğu halda 2024-cü ildə cüzi artımla 68,4%-ə yüksəlib. Lakin bu artım əsasən digər dənli bitkilərin hesabına baş verib. Strateji əhəmiyyətli məhsul olan buğda ilə özünü təminetmə səviyyəsi 2020-ci ildə 57,1%-dən 2024-cü ildə 56,1%-ə düşüb. Qarğıdalı və vələmirdə isə özünü təminetmə səviyyəsində əhəmiyyətli eniş müşahidə olunub.
Bu illər ərzində meyvə və giləmeyvə sahəsində müsbət dinamika qeydə alınıb. Bu məhsullar üzrə özünü təminetmə səviyyəsi 2020-ci ildə 116,3% olduğu halda, 2024-cü ildə 128,5%-ə çatıb. Xüsusilə nar istehsalında böyük irəliləyiş əldə olunub; bu göstərici 112%-dən 135,1%-ə yüksəlib.
Tərəvəzlərlə bağlı vəziyyət isə əks istiqamətdə dəyişib. Bütün növ tərəvəz üzrə özünü təminetmə səviyyəsi 2020-ci ildə 110,4% idisə, 2024-cü ildə 105,8%-ə enib. Pomidorda da analoji vəziyyət müşahidə olunur: bu rəqəm 131%-dən 119,7%-ə düşüb.
Kartofla özünütəminetmə səviyyəsi 2020-ci ildə 90,6%-dən 2024-cü ildə 88,8%-ə enib. Paxlalılar üzrə isə 60,3%-dən 65,1%-ə qədər müsbət artım qeydə alınıb. Üzümdə də azalma tendensiyası yaşanır, belə ki, 2020-ci ildə 95,8% olan göstərici 2024-cü ildə 89,4%-ə düşüb.
MONETAR.AZ