2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın mal əti idxalına dair göstəricilər ölkəyə gətirilən məhsulun orta qiymətini açıqlamağa imkan verir.
Rəsmi idxal məlumatlarına əsasən, ilin ilk dörd ayında müxtəlif növ iribuynuzlu heyvan ətinin idxal qiyməti məhsulun növündən asılı olaraq dəyişib.
Belə ki, dondurulmuş sümüksüz iribuynuzlu ətin idxal dəyəri orta hesabla 1 kiloqram üçün təxminən 3,82 ABŞ dolları, və ya 6,5 manat təşkil edib. Bu kateqoriya üzrə 3278,54 ton məhsul idxal olunub və ümumi dəyəri 12,52 milyon ABŞ dolları olub.
Dondurulmuş sümüklü mal ətində isə orta idxal qiyməti 1 kiloqram üçün 4,08 dollar və ya təxminən 6,9 manat səviyyəsində olub.
Təzə və soyudulmuş sümüklü mal ətinin orta idxal qiyməti 7,9 manat/kq, sümüksüz təzə ətin qiyməti isə təxminən 14 manat/kq olub.
Məlumata görə, Azərbaycan mal əti idxalında əsasən Ukrayna, Braziliya, Belarus, Hindistan, Rusiya və digər ölkələrin məhsullarından istifadə edib. Ən böyük həcmlərdən biri Ukrayna və Braziliyanın payına düşüb.
Ekspertlər hesab edirlər ki, idxal qiymətlərində fərqlər yalnız məhsulun növü ilə deyil, həm də mənşə ölkəsi, daşınma xərcləri, soyuducu zəncir və bazardakı tələbatla bağlıdır.