İran müharibəsi ABŞ-da əməkhaqlarına ciddi zərbə vurub

İran müharibəsi ABŞ-da əməkhaqlarına

İran ətrafında yaranan hərbi qarşıdurma ABŞ-da inflyasiya təzyiqlərini yenidən artıraraq real əməkhaqlarının bərpası prosesini ləngidib. Nəticədə amerikalı işçilərin alıcılıq qabiliyyəti son illərlə müqayisədə hələ də aşağı səviyyədə qalır.

Bu barədə “Statista”nın ABŞ-da əməkhaqları və inflyasiya göstəricilərinə dair hazırladığı təhlildə bildirilir.

Məlumata görə, 2021-ci ilin aprelindən 2023-cü ilin aprelinədək ABŞ-da real saatlıq əməkhaqları illik müqayisədə ardıcıl 25 ay azalıb. Həmin dövrdə istehlak qiymətlərinin artım tempi nominal əməkhaqqı artımını üstələdiyi üçün vətəndaşların gəlirlərinin real dəyəri aşağı düşüb.

2023-cü ilin may ayından etibarən əməkhaqlarının artımı inflyasiyanı qabaqlamağa başlayıb və real gəlirlərdə bərpa prosesi müşahidə olunub. 2026-cı ilin fevralına qədər əməkhaqları son illərdəki qiymət artımlarını böyük ölçüdə kompensasiya etməyə yaxınlaşıb.

Lakin İranla bağlı müharibənin yaratdığı geosiyasi gərginlik və yanacaq qiymətlərindəki kəskin bahalaşma inflyasiyanı yenidən sürətləndirib. Nəticədə qiymət artımları əməkhaqqı artımını bir daha üstələyib.

Statistik göstəricilərə əsasən, 2026-cı ilin may ayında ABŞ-da real əməkhaqları 2021-ci ilin yanvarı ilə müqayisədə 1,4 faiz aşağı olub. Bu isə o deməkdir ki, inflyasiyaya uyğunlaşdırıldıqdan sonra amerikalı işçilər 5 il əvvəlki dövrlə müqayisədə daha az gəlir əldə edirlər.

ABŞ Federal Ehtiyat Sisteminin keçmiş sədri Cerom Pauell ötən ilin dekabrında bildirmişdi ki, vətəndaşların inflyasiya böhranının təsirlərini arxada qoyması üçün bir neçə il ərzində real əməkhaqlarında nəzərəçarpacaq müsbət artım müşahidə olunmalıdır. Lakin son hadisələr fonunda bu məqsədə çatmaq daha çətin görünür.

Ekspertlər hesab edirlər ki, yüksək qiymətlər və yaşayış xərclərinin artması ABŞ-da istehlakçı əhval-ruhiyyəsinə mənfi təsir göstərməkdə davam edir və iqtisadi göstəricilərdəki müsbət dinamika hələlik əhalinin gündəlik rifahında tam əks olunmur.

MONETAR.AZ