2026-cı il aprelin 1-nə olan rəsmi statistikaya görə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 797,6 min nəfərə çatıb. Onların 869,5 min nəfəri dövlət sektorunda, 928,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Bu o deməkdir ki, ölkədə çalışanların 48,4 faizi dövlət, 51,6 faizi isə özəl sektorda işləyir.
Rəsmi məlumatlarda diqqət çəkən əsas məqamlardan biri orta aylıq nominal əməkhaqqının artmasıdır. Belə ki, 2026-cı ilin yanvar-mart aylarında orta maaş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 1151,5 manat təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici təxminən 1084 manat idi.
Statistikaya əsasən, ölkədə muzdla çalışanların ən böyük hissəsi ticarət və avtomobil təmiri sektorunda çalışır. Bu sahənin payı ümumi məşğulluğun 18,6 faizini təşkil edir. Hesablama göstərir ki, bu sahədə təxminən 334 min nəfər çalışır.
İkinci yerdə təhsil sektoru gəlir. Təhsildə çalışanların payı 18,2 faizdir ki, bu da təxminən 327 min nəfər deməkdir. Maraqlıdır ki, ölkənin ən böyük işçi qüvvəsinə sahib sahələrindən biri olan təhsildə əməkhaqqı uzun illərdir ən çox müzakirə olunan problemlər sırasındadır.
Sənaye sektorunda çalışanların payı 13,8 faiz və ya təxminən 248 min nəfərdir. Səhiyyə və sosial xidmətlər sahəsində isə 8,7 faiz - yəni təxminən 156 min nəfər fəaliyyət göstərir.
Tikinti sektorunda çalışanların sayı ümumi məşğulluğun 6,6 faizini təşkil edir ki, bu da təxminən 119 min nəfər deməkdir. Dövlət idarəetməsi və müdafiə sahəsində çalışanların sayı isə 6,1 faiz və ya təxminən 110 min nəfərdir.
Nəqliyyat və anbar təsərrüfatında 4,4 faiz - təxminən 79 min nəfər, peşə, elmi və texniki fəaliyyət sahəsində 4 faiz - 72 min nəfər, maliyyə və sığorta sektorunda isə 2,4 faiz- təxminən 43 min nəfər çalışır.
Ən aşağı göstəricilərdən biri kənd təsərrüfatı sektorunda qeydə alınıb. Rəsmi statistikaya görə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda çalışanların payı cəmi 2,3 faizdir. Bu isə təxminən 41 min nəfər edir. Halbuki ölkə əhalisinin böyük hissəsi regionlarda yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu fərq qeyri-formal məşğulluğun yüksək olmasını göstərən əsas siqnallardan biri hesab edilir.
Mütəxəssislər hesab edir ki, əmək bazarında dayanıqlı inkişaf üçün əsas prioritetlər özəl sektorun gücləndirilməsi, qeyri-formal məşğulluğun azaldılması, regionlarda yeni iş yerlərinin yaradılması və sosial sahələrdə maaşların artırılması olmalıdır.
MONETAR.AZ