Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq daşınmaz əmlak sahəsində ixtisaslaşmış ekspertlərlə görüş və infotur keçirilib.
Bu sahədə ixtisaslaşmış bir qrup iqtisadçı ekspert əvvəlcə Sumaqyıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində olublar. Onların diqqətinə çatdırılıb ki, yaşayış kompleksində 1, 2 və 3 otaqlı tam təmirli mənzillər vətəndaşların ixtiyarına verilib. Təklif edilən mənzillər geniş həyətyanı sahəyə malikdir və əsas infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, bunlarla yanaşı həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
Sonra Fondun əməkdaşları satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə dair təqdimat ediblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanlarına uyğun olaraq 2020-ci ildən başlayaraq satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib və 9526 kirayə müqaviləsi rəsmiləşdirilib, mənzil şəraiti yaxşılaşanların 70 faizə yaxını gənclər və gənc ailələrdir.
Ekspertlərin diqqətinə çatdırılıb ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.
Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.
MONETAR.AZ