Dünyada 2026-cı il üzrə ən firavan ölkələrin siyahısı açıqlanıb. Atlantic Council tərəfindən hazırlanmış “2026 Rifah İndeksi”nə əsasən, dünyanın ən firavan ölkəsi Norveç seçilib.
İlk beşlikdə həmçinin İslandiya, Danimarka, İsveç və İrlandiya yer alıb. Avropa ölkələri ümumilikdə siyahıda üstünlük təşkil edərək ilk 40-lıqda 30 yer əldə edib.
Məlumata görə, ABŞ siyahıda 38-ci yerdə qərarlaşıb. Hesabatda bildirilir ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatına malik olsa da, bərabərsizlik, səhiyyə göstəriciləri və sosial imkanlar üzrə geridə qalır.
Asiya ölkələri arasında ən yüksək nəticəni Sinqapur əldə edərək 18-ci yerdə qərarlaşıb. Yaponiya, Cənubi Koreya ilk 30-luqda yer alıb.
Ekspertlər bildirirlər ki, yüksək ÜDM göstəricisi firavanlıq üçün yeganə meyar deyil. Hesabat sosial bərabərlik, səhiyyə, təhsil, ətraf mühit və sosial mobillik kimi göstəricilərin də ölkələrin ümumi rifah səviyyəsinə ciddi təsir etdiyini vurğulayır.