Hindistanda yanacaq qiymətlərində tarixi artım qeydə alınıb

Hindistanda yanacaq qiymətlərində tarixi artım

Dünyanın ən böyük enerji istehlakçılarından biri olan Hindistan, son dörd ildə ilk dəfə yanacaq qiymətlərini artırmaq barədə çətin qərar qəbul edib. Bloomberg-in məlumatına görə, hökumətə məxsus neft emalı şirkətləri benzin və dizelin qiymətini 3%-dən bir qədər çox yüksəldiblər. Bu addım dünya bazarında xam neftin barelinin 107 dollara yaxınlaşması və yerli şirkətlərin dözülməz həddə çatan maliyyə itkiləri ilə əsaslandırılır.

Qiymət artımından sonra paytaxt Nyu-Dehlidə yanacağın qiyməti 2022-ci ilin mayından bəri ən yüksək həddə çatıb: Benzin: 97,77 rupi/litr, Dizel: 90,67 rupi/litr. Özəl sektor (məsələn, Shell): Burada qiymətlər daha yüksəkdir. Benzin təxminən 110 rupi, dizel isə 120 rupi civarında satılır.

Hindistandakı yanacaqdoldurma məntəqələrinin 90%-nə nəzarət edən üç nəhəng dövlət şirkəti — Indian Oil, Bharat Petroleum və Hindustan Petroleum ciddi maliyyə təzyiqi altındadır. Hesablamalara görə bu şirkətlər pərakəndə satışda hər gün təxminən 10 milyard rupi zərər edirlər. Ekspertlərin fikrincə, 3%-lik artımdan sonra belə, satıcılar hər litr yanacaqdan hələ də 15–20 rupi itirirlər. "Macquarie Research" bildirir ki, bu zavodların mənfəətə çıxması üçün qlobal neft qiymətləri 80–85 dollar diapazonuna düşməlidir.

Hökumət 1,4 milyardlıq əhalini inflyasiyanın zərbələrindən qorumaq üçün 2024-cü ilin martından bəri qiymətləri süni şəkildə sabit saxlayırdı. Lakin bazar reallıqları bu "sabitlik" siyasətini dəyişməyə məcbur etdi. Qiymət artımı xəbərindən sonra Mumbay birjasında sözügedən neft şirkətlərinin səhmləri 1–3% dəyər itirib. Regional seçkilərdən sonra qiymət artımı gözləntisi bəzi ştatlarda əhalinin yanacağı kütləvi şəkildə tədarük etməsinə və nəticədə qıtlığa səbəb olmuşdu. Baş nazir Narendra Modi hətta vətəndaşları yanacaq istehlakını optimallaşdırmağa çağırıb.

Analitiklər hesab edirlər ki, hazırkı cüzi artım yalnız başlanğıcdır. İqtisadçı Madhavi Aroranın fikrincə, bazarı sabitləşdirmək üçün litr başına ən azı 5 rupi artım zəruridir. Bu isə o deməkdir ki, Hindistan istehlakçılarını yaxın aylarda mərhələli şəkildə həyata keçiriləcək yeni qiymət artımları gözləyə bilər.

MONETAR.AZ