Kuba son onilliklərin ən ağır və kəskin enerji böhranını yaşayır. Ölkənin energetika naziri Visente de la O Levinin rəsmi açıqlaması vəziyyətin kritik həddə çatdığını təsdiqləyir. Nazir ölkədə elektrik enerjisi istehsalı üçün zəruri olan mazut və dizel yanacağı ehtiyatlarının tamamilə tükəndiyini bildirib.
Enerji çatışmazlığı ölkədə həyatın bütün sahələrinə iflic edici təsir göstərir. Paytaxt Havanada belə elektrik kəsintiləri rekord həddə çatıb. Sakinlər günün yalnız 2 saatını elektrik enerjisi ilə təmin olunurlar. Yanacaq yoxluğu nəinki elektrik stansiyalarını, həm də nəqliyyat, su təchizatı və qida istehsalı zəncirini təhlükə altına qoyur.
Kuba hökuməti yaranmış vəziyyətdə birbaşa ABŞ-ı və tətbiq olunan iqtisadi sanksiyaları (blokadanı) günahlandırır. Onların fikrincə, bu məhdudiyyətlər yanacaq idxalını və lazımi ehtiyat hissələrinin alınmasını qeyri-mümkün edir.
Dözülməz yaşayış şəraiti və uzunmüddətli qaranlıq paytaxtın bir neçə rayonunda kütləvi narazılığa səbəb olub. Etirazçılar küçələrə çıxaraq "İşıqları yandırın!" və siyasi həmrəylik rəmzi olan "Xalq birləşərsə, heç vaxt məğlub olmaz!" şüarları səsləndirirlər. Bu, Kubada nadir hallarda rast gəlinən açıq etiraz dalğalarından biridir ki, bu da böhranın artıq sosial dözümlülük həddini aşdığını göstərir.
Analitiklər qeyd edirlər ki, Kubanın enerji sistemi sovet dövründən qalma köhnə texnologiyalara əsaslanır və xarici yanacaq tədarükündən (əsasən Venesuela və Rusiya) asılıdır. Lakin son illərdə bu ölkələrdən gələn tədarükün azalması və yerli infrastrukturun tamamilə sıradan çıxması ölkəni "enerji kamosu" vəziyyətinə salıb.
Yaxın günlərdə xarici ölkələrdən təcili yanacaq yardımı daxil olmazsa, Kubada tam və uzunmüddətli "blackout" (total enerji sönməsi) riskinin qaçılmaz olduğu vurğulanır.
MONETAR.AZ