Azərbaycanda qadınların əmək hüquqları genişləndirilib

Azərbaycanda qadınların

Azərbaycanda Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət aradan qaldırılıb. Bu barədə  Dünya Bankının “Women, Business and the Law 2026” (“Qadınlar, Biznes və Hüquq 2026”) hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycan hüquqi baza indeksi üzrə 72,18 bal, dəstəkləyici tədbirlər indeksi üzrə 47,58 bal, qanunların icrasının qavranılması indeksi üzrə isə 59,12 bal toplayıb.

Araşdırmada ilk dəfə olaraq ölkələrdə qanunların yalnız mövcudluğu deyil, həm də onların real icra vəziyyəti qiymətləndirilib. Məlum olub ki, qlobal miqyasda qadınların iqtisadi bərabərliyini dəstəkləyən qanunlar 100 ballıq sistemdə orta hesabla 67 bal toplasa da, praktik tətbiq zamanı bu göstərici 53 bala, dövlət dəstək mexanizmlərinin yetərliyi üzrə isə 47 bala qədər azalır.

Hesabatda qeyd edilir ki, gender bərabərliyini təmin edən qanunların mövcudluğu kifayət etmir. Bir çox hallarda qadınlar həmin hüquqlardan yararlanmaq üçün zəruri institusional dəstəkdən məhrum qalırlar. Məhkəmələrin, tənzimləyici qurumların və inzibati sistemlərin zəifliyi və ya resurs çatışmazlığı hüquqi müdafiənin effektivliyini azalda bilər.

Regionlar üzrə müqayisəyə görə, dəstəkləyici mexanizmlər sahəsində ən yüksək göstərici 73,04 balla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yüksək gəlirli ölkələrinə məxsusdur. Avropa və Mərkəzi Asiya regionu isə 55,61 balla ikinci yerdə qərarlaşıb. Digər regionlarda göstəricilərin qlobal ortalamadan aşağı qalması hüquqi islahatların praktik icrasında çətinliklərin mövcud olduğunu göstərir.

Qeyd edək ki, “Qadınlar, Biznes və Hüquq” hesabatı Dünya Bankı Qrupunun 190 ölkə üzrə hazırladığı illik qlobal araşdırmadır. Sənəddə qanunvericilik bazası, təhlükəsizlik, uşaq baxımı və digər dəstək mexanizmləri təhlil olunur, qadınların iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində islahatlara qiymət verilir.

MONETAR.AZ