Cənubi Koreyada həmkarlar ittifaqı robotların quraşdırılmasına etiraz edib

Cənubi Koreyada həmkarlar ittifaqı robotların quraşdırılmasına

Cənubi Koreyada Hyundai Motor şirkətinin işçilərini təmsil edən həmkarlar ittifaqı, təşkilatın razılığı olmadan şirkətin zavodlarında insanabənzər robotlardan istifadəyə qarşı çıxıb. Bu barədə Reuters agentliyi həmkarlar ittifaqının şirkət rəhbərliyinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

Məktubda bildirilir ki, androidlərin kütləvi şəkildə tətbiqi “əmək bazarında şok” yaradacaq və işçi ixtisarlarına səbəb olacaq. Sənəddə deyilir: “Həmkarlar ittifaqı ilə rəhbərlik arasında razılaşma olmadan yeni texnologiyalar əsasında hazırlanmış heç bir robotun istehsalatda işləməsinə icazə verilməyəcək”.

Bu ayın əvvəlində Hyundai Motor Las-Veqasda keçirilən istehlakçı elektronikası sərgisində Atlas adlı insanabənzər robotun seriya versiyasını təqdim edib. Robot Hyundai Motor-a 2020-ci ildən məxsus olan Boston Dynamics şirkəti tərəfindən hazırlanıb. Atlas 50 kiloqrama qədər yük qaldıra bilir və -20-dən +40 dərəcə Selsi temperatur aralığında işləyə bilir.

Şirkət 2028-ci ildən etibarən ildə 30 min robot istehsal edəcək zavod tikməyi planlaşdırdığını açıqlayıb. Robotların əvvəlcə ABŞ-ın Corciya ştatındakı avtomobil zavodunda, daha sonra isə Hyundai Motor-un bütün istehsal sahələrində tətbiq edilməsi nəzərdə tutulur. Robotlara təhlükəli və rutin işlərin yerinə yetirilməsi tapşırılacaq.

Atlas robotunun təqdimatı və onun yaxın zamanda zavodlarda tətbiq ediləcəyi ilə bağlı xəbərlər şirkətin bazar dəyərinin artmasına səbəb olub.

Hyundai Motor şirkəti hələlik həmkarlar ittifaqının müraciətinə münasibət bildirməyib.

 

MONETAR.AZ