Çində 2025-ci ildə dünyaya gələn körpələrin sayı 7,9 milyon olub ki, bu da son 70 ildən artıq dövrdə qeydə alınan ən aşağı göstəricidir. Bu rəqəm əvvəlki illə müqayisədə 17 faiz azdır. 2024-cü ildə ölkədə 9,5 milyon uşaq doğulmuşdu.
Çin Milli Statistika Bürosunun (NBS) məlumatına görə, 2025-ci ildə ölkədə doğum əmsalı hər 1000 nəfərə 5,63 təşkil edib. Bu göstərici 1949-cu ildən – Çin Kommunist Partiyasının hakimiyyətə gəldiyi dövrdən bəri ən aşağı səviyyədir. Eyni zamanda, ölüm əmsalı hər 1 000 nəfərə 8,04-ə yüksəlib. Nəticədə, Çinin əhalisi dördüncü il ardıcıl olaraq azalıb və 1,4 milyard nəfərə düşüb.
Rəsmi Pekin son illər əhalini evlənməyə və uşaq sahibi olmağa təşviq etməyə çalışır. Çində doğum səviyyəsi 2020-ci ildə hər qadına 1,3 uşaq təşkil edib və 1990-cı illərdən bəri əhalinin sabit qalması üçün tələb olunan 2,1 həddindən aşağıdır. Buna baxmayaraq, ölkə uzun illər tətbiq etdiyi “bir uşaq” siyasətini yalnız 2016-cı ildə ləğv edib.
Sonrakı dövrdə hökumət bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirib. Bunlara üç yaşınadək hər uşaq üçün valideynlərə 3600 yuan (təxminən 500 ABŞ dolları) məbləğində ödəniş, həmçinin bu il yanvarın 1-dən kontraseptiv vasitələrə yeni verginin tətbiqi daxildir. Sonuncu addım arzuolunmaz hamiləliklər və HİV riskləri ilə bağlı tənqidlərə səbəb olub.
Mütəxəssislər doğum səviyyəsinin azalmasını Çinin iqtisadi və sosial inkişafı ilə əlaqələndirirlər. İqtisadi inkişafla paralel olaraq təhsilin əlçatanlığının artması və karyeraya üstünlük verilməsi bir çox ölkədə doğum göstəricilərinin azalmasına gətirib çıxarır. Oxşar proseslər Asiyanın digər ölkələrində, xüsusilə Yaponiya və Cənubi Koreyada da müşahidə olunur. Cənubi Koreyada vəziyyət daha ciddi hesab olunur, çünki ötən il ölkədə ölənlərin sayı doğulanlardan çox olub.
Monetar.az