Azərbaycan bank sektorunun 2025-ci il göstəriciləri göstərir ki, faiz gəlirləri ilə vaxtı keçmiş kreditlərin (NPL) artımı arasında əlaqə mövcuddur. Bu isə bankların gəliri artırmaq üçün kredit portfelini böyütməsi ilə eyni zamanda kredit keyfiyyətinin zəiflədiyini göstərir. Yəni, daha çox kredit vermək bankın gəlirini artırsa da, riskini də artırır.
Kapital Bank: “daha çox kredit, daha çox gəlir, daha çox risk” modeli
Kapital Bank 2025-ci ildə faiz gəlirlərində lider olub (1,18 milyard manat). Bu, bankın kreditləşməni aktiv şəkildə genişləndirməsinin nəticəsidir. Lakin bankın vaxtı keçmiş kreditləri 62% artıb, yəni kredit portfelinin keyfiyyəti zəifləyib. Bu vəziyyət bank üçün iki əsas nəticə doğura bilər. Birincisi, kredit həcmi böyüdükcə faiz gəlirləri də artır və bank qısa müddətdə daha çox mənfəət əldə edə bilər. İkincisi isə, borcalanların ödəmə qabiliyyəti zəiflədikcə NPL artacaq, bu da bankın kapitalı və likvidliyinə təzyiq yaradacaq. Beləliklə, Kapital Bankın strategiyası “riskli gəlir” modelidir: yüksək gəlir üçün yüksək riskə gedilir.
Unibank: “az qazan, amma portfelini təmiz saxla” strategiyası
Unibank 2025-ci ildə faiz gəlirlərini daha yavaş artırıb (8,2%), amma vaxtı keçmiş kreditlərini 25,5% azaldıb. Bu, bankın risk idarəetməsinə daha çox önəm verdiyini göstərir. Bu strategiyanın üstünlükləri aydındır: kredit portfelinin keyfiyyəti yüksəlir, zərər ehtimalı azalır və bankın dayanıqlığı artır. Lakin bu strategiyanın mənfi tərəfi də var: bankın qısa müddətli gəlirliliyi rəqibləri qədər sürətli artmaya bilər.
Gəlir–risk balansı: hansı strategiya qalib gələcək?
Kapital Bank və Unibankın nəticələrini müqayisə edəndə əsas sual ortaya çıxır: banklar daha çox gəlir üçün riskə gedəcək, yoxsa kredit keyfiyyətini qoruyaraq stabil gəlir modelinə keçəcəklər? Bu sual 2026-cı ildə bank sektorunun gələcəyini müəyyən edəcək. Əgər “riskli gəlir” modeli davam edərsə, banklar kredit həcmini artırmağa davam edəcək, NPL artımı sürətlənəcək və bankların gəlirliliyi qısa müddətdə yüksək olacaq. Lakin bu, gələcəkdə zərərlərin artması ilə nəticələnə bilər və Mərkəzi Bankın tənzimləyici tədbirləri sərtləşə bilər. Əksinə, “təmiz gəlir” modeli seçilərsə, banklar kredit keyfiyyətinə daha çox diqqət göstərəcək, faiz gəlirlərinin artımı zəifləyəcək, lakin NPL azalacaq və bankların dayanıqlığı artacaq. Bu halda uzun müddətdə stabil mənfəət əldə ediləcək.
2026-cı ildə banklar üçün əsas prioritet artıq “kim daha çox kredit verər” deyil, “verilən kreditlərin neçə faizi geri qayıdar” sualı olacaq. Bu, bankların gəlirliliyindən çox risk idarəetməsinə üstünlük verməsinin zəruriliyini göstərir. Kredit portfelinin keyfiyyəti əsas göstərici olacaq, NPL artımı yüksək olan banklar üçün kapital və likvidlik riski arta bilər və banklar gəlirliliklə yanaşı riskin idarə edilməsinə də daha çox diqqət etməlidir.
Monetar.az