Azərbaycanın bankları 2025-ci ili faiz gəlirlərinin kəskin artımı ilə başa vurdu. Sektorun ümumi faiz gəlirlərindəki dinamika göstərir ki, banklar yüksək inflyasiya və uçot dərəcəsi fonunda kredit portfellərini genişləndirməklə gəlirlərini maksimallaşdıra biliblər.
Renkinqin ən səs-küylü xəbəri Kapital Bankın Azərbaycan Beynəlxalq Bankını (ABB) geridə qoyaraq 1-ci yerə yüksəlməsidir.
Kapital Bank: 1,18 milyard manat faiz gəliri və 38,8% artım. Bu, bankın pərakəndə satış və "Birbank" ekosistemi üzərindən həyata keçirdiyi aqressiv istehlak kreditləşməsinin birbaşa nəticəsidir.
ABB: 1,09 milyard manatla ikinci yerdədir. Baxmayaraq ki, ABB də milyardlıq həddi keçib, onun artım tempi (19,8%) rəqibindən iki dəfə aşağıdır.
Dinamika sütununa baxdıqda Ziraat Bankın 55,1%-lik artımı diqqəti cəlb edir. Bu, bankın Azərbaycan-Türkiyə ticari əlaqələrinin maliyyələşdirilməsində və korporativ seqmentdə payını kəskin artırdığını sübut edir. Belə yüksək templə bank yaxın 2 ildə "ilk onluğa" daxil ola bilər.
Bank Respublika (299,5 mln manat): 26,6%-lik artımla 4-cü yerini möhkəmləndirib və 300 milyonluq psixoloji həddə dayanıb.
Unibank (251,2 mln manat): Sektorun ən aşağı artım templərindən birini (8,2%) nümayiş etdirib. Bu, bankın riskləri daha mühafizəkar idarə etməyə başladığının və ya gəlirlərini qeyri-faiz sahəsinə (komissiya və s.) yönəltdiyinin göstəricisi ola bilər.
İlk 3 bankın (Kapital, ABB, PASHA) cəmi faiz gəlirləri təxminən 2,82 milyard manat təşkil edir. Bu o deməkdir ki, bazardakı 22 bankın ümumi faiz gəlirlərinin yarıdan çoxu yalnız bu üç nəhəngin payına düşür. Bu trend kiçik bankların ("Bank Avrasiya", "Melli Iran" və s.) rəqabətə davam gətirməkdə çətinlik çəkəcəyindən xəbər verir.
Monetar.az