Azərbaycan bank sektorunda 2026-cı ilin əvvəlinə olan nizamnamə kapitalı göstəriciləri bankların dayanıqlılığı və gələcək inkişaf potensialı barədə aydın təsəvvür yaradır. Məlumatlara görə sektorun ən güclü maliyyə dayağı Azərbaycan Beynəlxalq Bankında (ABB) toplanıb. ABB-nin nizamnamə kapitalı 1,28 milyard manat səviyyəsindədir və bu göstərici ilə bank siyahıda ikinci yerdə qərarlaşan Xalq Bankdan təxminən 2,8 dəfə böyükdür. Bu, dövlət bankının istənilən irimiqyaslı layihənin maliyyələşdirilməsi üçün kifayət qədər resursa malik olduğunu göstərir.
Eyni zamanda, nizamnamə kapitalının artımı üzrə ən dinamik bank Azər-Türk Bankdır. Bankın nizamnamə kapitalı 2025-ci il ərzində 101 faiz artaraq 100 milyon manat həddini keçib. Analitiklər bildirirlər ki, belə kəskin artım bankın gələcəkdə kredit portfelini genişləndirmək və ya Mərkəzi Bankın prudensial tələblərinə uyğun olaraq dayanıqlılığını artırmaq istiqamətində addım atdığını göstərir.
Maraqlıdır ki, 22 bankdan 18-i il ərzində nizamnamə kapitalını dəyişməyib. Bu, bankların Mərkəzi Bankın minimum tələblərinə cavab verən kapital səviyyəsini saxladığını, lakin əlavə kapital artırmaq əvəzinə böyüməni daha çox cəlb edilmiş vəsaitlər — depozitlər hesabına həyata keçirdiyini göstərir.
Monetar.az