ABŞ prezidenti Donald Tramp Çinlə Kanada arasında ticarət sazişi üzrə aparılan danışıqlardan narahatlığını ifadə edib. Dövlət başçısı Truth Social sosial şəbəkəsində bildirib ki, əgər Ottava Pekinlə razılaşma imzalasa, Kanadaya qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcək.
“Çin Kanadanı diri-diri udacaq, biznesi, sosial strukturu və ümumilikdə həyat tərzini məhv edərək onu tamamilə özünə qatacaq. Əgər Kanada Çinlə saziş bağlasa, ABŞ-a daxil olan bütün Kanada malları və məhsullarına dərhal 100 faizlik gömrük tarifi qoyulacaq.” deyəDonald Tramp bildirib.
Yanvarın ortalarında, son təxminən 10 ildə Çinə ilk səfəri çərçivəsində Kanada baş naziri Mark Karni Çin Xalq Respublikasının sədri Si Cinpinlə qarşılıqlı rüsumların azaldılması və ya ləğvi barədə razılığa gəlib. Kanada hökumətinin mətbuat xidməti bildirib ki, Pekin ərzaq məhsullarına tətbiq olunan tarifləri yenidən nəzərdən keçirməyə, Ottava isə elektromobillərə qoyulan rüsumları azaltmağa razılaşıb.
Karni daha əvvəl Trampın Qrenlandiyanın ABŞ-a birləşdirilməsi təşəbbüsünü tənqid etmişdi. Baş nazir xatırladıb ki, Kanada NATO çərçivəsində Danimarkanın tərəfdaşı olaraq qalır və Ottavanın alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə bağlı öhdəlikləri qüvvədədir.
MONETAR.AZ