Dünyanın ən varlı insanlarının yaşadığı şəhərlər

Dünyanın ən varlı insanlarının

Dünyada milyarderlərin ən çox yaşadığı şəhərlərin siyahısı ildən-ilə müəyyən dəyişikliklərə məruz qalsa da, lider mövqelər əsasən dəyişməz qalır. Nyu-York, Moskva və Honkonq ənənəvi olaraq bu siyahının ön sıralarında yer alır. Bununla yanaşı, son illər Dubay yeni investisiya və varlı şəxslər üçün cəlbedici mərkəzə çevrilir.

Bu barədə Rusiya İqtisad Universitetinin (Plexanov adına) Moskva Şəhəri Baş Nəzarət İdarəsinin bazasında fəaliyyət göstərən Maliyyə nəzarəti, təhlil və audit üzrə əsas kafedrasının dosenti Yuliya Kovalenko məlumat verib.

Onun sözlərinə görə hazırda dünyada ümumilikdə 2781 milyarder var. Onlardan 125-i Rusiyada yaşayır ki, bunun da 74-ü Moskvada məskunlaşıb. ABŞ-ın Nyu-York şəhərində 110 milyarder, Honkonqda 74 milyarder yaşayır.

Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 24 milyarder mövcuddur. Onların 21-i Dubayda yaşayır. Çində isə milyarderlərin sıx yaşadığı digər şəhər Pekindir – hazırda burada 63 milyarder var.

Şəhərlər üzrə milyarderlərin ümumi sərvətinə gəlincə, Nyu-York bu göstəricidə açıq fərqlə liderdir. Buradakı ən varlı şəxslərin ümumi sərvəti 694 milyard ABŞ dolları təşkil edir. Moskvada bu rəqəm 378 milyard dollar, Honkonqda isə 326 milyard dollardır.

Ekspertin fikrincə, Moskva və Honkonq faktiki olaraq ikinci yeri bölüşür, lakin birinci yerdə qərarlaşan Nyu-York onları təxminən iki dəfə qabaqlayır.

Dubaya köçən milyarderlərin əksəriyyətinin yerli vətəndaş olmadığını qeyd edən Yuliya Kovalenko bildirib ki, şəhər müxtəlif ölkələrdən olan varlı şəxslər üçün fəal şəkildə miqrasiya mərkəzinə çevrilib.

İqtisadçının sözlərinə görə, bu şəhərlərin milyarderləri cəlb etməsinin əsas səbəbi onların iri maliyyə mərkəzləri olmasıdır. Məhz burada böyük şirkətlər, investisiya imkanları və yüksək həyat standartları cəmləşib.

Xüsusilə Moskva rahat şəhər infrastrukturu və inkişaf etmiş xidmət sahələri baxımından varlı insanlar üçün əlverişli yaşayış məkanı kimi seçilir.

Monetar.az