Dünyada ev heyvanlarına ən çox vəsait xərcləyən ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bu barədə “Pet Supply” mövzusunda araşdırma aparan Statista Market Insights-in məlumatında bildirilir.
Araşdırmaya əsasən, 2026-cı ildə ABŞ-da adambaşına ev heyvanları üçün xərclərin təxminən 280 ABŞ dollarına çatacağı proqnozlaşdırılır ki, bu da qlobal rekord göstəricidir. Müvafiq göstərici Avstraliyada 226 dollar, Yeni Zelandiyada isə 196 dollar səviyyəsində qiymətləndirilir.
Hesabata görə, 2026-cı ildə qlobal ev heyvanları bazarının həcmi 228 milyard ABŞ dollarını ötəcək. Bu məbləğin 70 faizdən çoxunu heyvan yemləri təşkil edəcək.
Tədqiqatda qeyd olunur ki, ev heyvanları üçün edilən xərclər əsasən adambaşına düşən gəlir və ya ÜDM göstəriciləri ilə sıx bağlıdır. Bununla belə, bəzi istisnalar da mövcuddur. Belə ki, Yeni Zelandiya, Portuqaliya, Çili, Fransa və Finlandiya ÜDM göstəriciləri ilə müqayisədə ev heyvanlarına nisbətən daha çox vəsait xərcləyən ölkələr sırasındadır. Əksinə, Körfəz ölkələri, eləcə də Honq Konq və Sinqapur kimi Asiya şəhər-dövlətlərində xərclər iqtisadi göstəricilərlə müqayisədə daha aşağıdır.
Ümumilikdə, Asiya ölkələrində ev heyvanları üçün xərclər aşağı səviyyədədir. Məsələn, Çində adambaşına illik xərclər 8,7 dollar, İndoneziyada 6,7 dollar təşkil edir. Bu göstərici Tayvanda 37,9 dollar, Cənubi Koreyada 38,8 dollar, Yaponiyada isə 58,2 dollar səviyyəsindədir.
Cənubi Amerikada isə xərclər nisbətən yüksəkdir. Belə ki, Çilidə bu rəqəm 102 dollar, Argentinada 60,3 dollar, Braziliyada isə 52,1 dollar təşkil edir. Qeyd olunur ki, 2024-cü il üzrə Argentina və Çinin adambaşına ÜDM göstəriciləri oxşar səviyyədə olub.
Şərqi Avropa ölkələrində də xərclər ÜDM-lə müqayisədə aşağıdır. Məsələn, Xorvatiya və Slovakiyada adambaşına illik xərclər 33–47 dollar arasında dəyişir.
Ən aşağı göstəricilər isə Hindistandə qeydə alınıb – cəmi 0,5 dollar. Bu rəqəm Pakistanda 0,7 dollar, Sudanda isə 0,8 dollar təşkil edir. Ümumilikdə, Afrika, Asiya və Mərkəzi Amerikanın bir çox ölkələrində ev heyvanları üçün illik xərclər adambaşına 10 dollardan, bəzi hallarda isə 2 dollardan da azdır.
MONETAR.AZ