Hüquqi şəxsin ləğvi üçün əmək müqavilələrinə xitam tələb olunacaq

Hüquqi şəxsin ləğvi üçün əmək müqavilələrinə xitam

Milli Məclis hüquqi şəxslərin ləğvi və fiziki şəxs olan işəgötürənlərin vergi uçotundan çıxarılması zamanı əmək müqavilələrinin elektron sistemdə xitamının tənzimlənməsinə dair qanun dəyişikliklərini ilk oxunuşda qəbul edib.

Bununla bağlı Mülki və Vergi məcəllələrinə, eləcə də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, hüquqi şəxsin ləğvi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması zamanı elektron informasiya sistemində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əməliyyatların aparılmasında yaranan çətinliklərin aradan qaldırılması nəzərdə tutulur.

Təklifə görə, hüquqi şəxslərin, o cümlədən Azərbaycanda daimi nümayəndəlik yaratmadan fəaliyyət göstərən xarici rezidentlərin bölmələrinin ləğvi və vergi uçotundan çıxarılması yalnız işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra mümkün olacaq.

Eyni qayda fiziki şəxs olan işəgötürənlərin vergi uçotundan çıxarılmasına da şamil ediləcək.

Qanun qüvvəyə minənədək elektron informasiya sistemində xitam verilməmiş əmək müqavilələri isə işçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən araşdırılaraq qüvvədən düşmüş hesab ediləcək. Bu müddəa fiziki şəxs olan işəgötürənlərə şamil olunmayacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.