Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, korrupsiya ilə bağlı məlumat vermiş işçiyə qarşı sonradan intizam tənbehi tətbiq olunarsa və həmin şəxs bunun qisas məqsədi daşıdığına dair əsaslı dəlillər və ya şübhələr irəli sürərsə, intizam tədbirinin korrupsiya məlumatı ilə əlaqəli olmadığını sübut etmək öhdəliyi işəgötürənin üzərinə düşəcək.
Təklif edilən dəyişiklik iş yerlərində korrupsiya faktlarını açıqlayan şəxslərin mümkün təzyiq və qisas xarakterli tədbirlərdən qorunmasına xidmət edir. Belə ki, işəgötürən tətbiq etdiyi intizam tənbehinin obyektiv səbəblərə əsaslandığını və məlumatvermə fəaliyyəti ilə əlaqəli olmadığını müvafiq sənədlərlə əsaslandırmalı olacaq.
Qanun layihəsinin məqsədi korrupsiya barədə məlumat verən işçilərin müdafiəsini gücləndirmək, eyni zamanda işəgötürənlərin intizam mexanizmlərindən qisas vasitəsi kimi istifadə etməsinin qarşısını almaqdır.
MONETAR.AZ