Avropa avtomobil sənayesinin nəhəngi və Almaniya iqtisadiyyatının onurğa sütunu hesab olunan "Volkswagen" (VW) konserni tarixinin ən böyük böhranı və transformasiya dalğası ilə üz-üzədir. Almaniyanın nüfuzlu "Manager Magazin" nəşrinin vəziyyətlə tanış mənbələrə istinadən yaydığı məlumata görə, konsernin baş icraçı direktoru (CEO) Oliver Blume qlobal miqyasda 100 minədək iş yerini ixtisar etməyi və strateji investisiyaları təxminən 15% azaltmağı planlaşdırır.
Oliver Blume və şirkətin maliyyə direktoru Arno Antlitz tərəfindən hazırlanan bu radikal optimallaşdırma planı avtomobil nəhənginin gələcəyini xilas etmək və xərcləri kəskin şəkildə aşağı salmaq məqsədi daşıyır.
"Volkswagen"-in 100 min iş yerini ixtisar etmək planı Almaniyanın "böyük sənaye dövləti" statusunun ciddi zərbə altında olduğunun ən bariz göstəricisidir. Yüksək enerji xərcləri, Çin istehsalçılarının elektromobil (EV) bazarındakı aqressiv rəqabəti və Avropada yaşıl keçidin gözlənilən iqtisadi səmərəni verməməsi VW-ni bu acı addımları atmağa məcbur edir.
Əsas markanın konsern tərkibindən çıxarılaraq müstəqilləşdirilməsi idarəetmədə çevikliyi artıra bilər, lakin daxili bazarda zavodların bağlanması Almaniyanın güclü IG Metall həmkarlar ittifaqı ilə hökumət arasında çox ciddi siyasi və sosial gərginliyə yol açacaq. Oliver Blume şirkəti rəqəmsal və elektrikli gələcəyə hazırlamaq üçün qətiyyətli görünsə də, bu islahatların "Volkswagen" markasının qlobal mövqeyini qoruyub qorumayacağını zaman göstərəcək.
MONETAR.AZ